Bu günə qədər (2025-ci il fevral ayından) beyin ölümü keçirmiş 13 meyit donordan 73 orqan və toxuma transplantasiya edilib.
NTV xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" efirində deyib.
Y.Abbasova qeyd edib ki, onlardan 23-ü böyrək, 13-ü qaraciyər, 2-si ürək, 30-u isə gözün buynuz qişasıdır:
"Ümumilikdə beyin ölümü protokolu tərtib olunduqdan bu günə qədər 72 nəfərə beyin ölümü diaqnozu qoyulub. Bunlardan 14 nəfər rəhmətə gedib, ikinci dəfə beyin ölümü təsdiqi üçün zaman çatmayıb. 27 nəfərin orqanları köçürülməyə uyğunsuz olub, 18 nəfərin yaxınları isə imtina edib".
Xatırladaq ki, 2025-ci il fevralın 24-də Azərbaycanda ilk dəfə meyit donordan alınan orqan köçürülməsi həyata keçirilib. 2025-ci il oktyabrın 31-də isə Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib.
