Oktyabrın 7-si saat 20:45 radələrində Saatlı şəhəri ərazisində rayon sakini Rəhman Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə ötmə əməliyyatı yerinə yetirərkən, idarəetməni itirərək əvvəlcə işıq dirəyinə, sonra isə yol kənarında hasara çırpılıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) NTV-yə verilən məlumata görə, qəza nəticəsində avtomobilində olan sərnişinlər – sürücünün anası və 7 yaşlı bacısı xəsarət alıblar. Xəstəxanaya çatdırılsa da, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb sürücünün yolun qadağan olunan hissəsində ötmə əməliyyatı icra etməsi, həmçinin sürət həddini, yol və hava şəraitini düzgün qiymətləndirməməsi göstərilir.
BDYPİ sözügedən hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları diqqət çəkdiyimiz faciəli hadisədən düzgün nəticə çıxarmağa, sadə hesab etdiyimiz istənilən qayda pozuntusunun hər an həyatımıza iztirab və peşmanlıq gətirə biləcəyini unutmamağa, verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməyə çağırır.
