
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri Daşqın Rzalı 1993-cü il may ayının 27-də Culfa rayonunun Yaycı kəndində anadan olub. O, orta təhsilini Yaycı kənd tam orta məktəbində alıb, 2011-ci ildə ordu sıralarına daxil olaraq əsgəri xidmətini uğurla başa vurub. Daşqın bir müddət müxtəlif sahələrdə işləsə də, sonra yenidən ordu sıralarına qayıdıb. 2017-ci il fevral ayının 17-si Dövlət Sərhəd Xidmətində işə qəbul edilən Daşqın Rzalı Yevlax rayonunda 6 aylıq kursa göndərilib. Kursu başa vurduqdan sonra Lənkəran şəhərində xidmətinə başlayıb. Sonra Xızı rayonunda xidmət edən qəhrəman işində hər zaman məsuliyyətli və diqqətli olub.
2020-ci il iyun ayının 22-də 3 aylıq təlimdən sonra 27 sentyabrda başlayan Vətən müharibəsində döyüşlərə qatılan Daşqın vətənimizin bütövlüyü uğrunda igidcəsinə vuruşaraq düşmən üzərinə öndə irəliləyən qəhrəmanlardan biri olub. O, Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 21-i Zəngilan istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Şəhidimiz Culfa rayon Yaycı kənd məzarlığında dəfn olunub.
Daşqın Rzalı göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
.jpg)
Növbəti qəhrəmanımız – Vüsal Ağayev 1993-cü il may ayının 27-də Şərur rayonunun Düdəngə kəndində anadan olub. Şərur rayon Düdəngə kənd tam orta məktəbində təhsil alan Vüsal sonra ailəsi ilə birlikdə Rusiyanın Perm şəhərinə köçərək orta təhsilini orada başa vurub. 2012-ci ildə Perm Dövlət Universitetinin Ekonomiya fakültəsinə daxil olaraq ali təhsil alıb. 2016-cı ildə Universiteti bitirib Naxçıvana qayıdan Vüsal həmin il əsgəri xidmətə çağrılıb. Ordu sıralarına daxil olan gənc əsgərimiz xidmətini Ordubad rayonunda yerləşən hərbi hissələrin birində yerinə yetirib. O, vətənə xidmət borcunu yerinə yetirərkən, 2017-ci il sentyabrın 29-da şəhid olub. Şəhidimiz doğulduğu Şərur rayon Düdəngə kənd qəbiristanlığında dəfn olunub.
Hər iki şəhidimizi dərin hörmətlə yad edirik, ruhunuz şad olsun!
Səriyyə Salahova
Naxçıvan televiziyasının redaktoru
