NTV xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə 8–11 may 2026-cı il tarixlərində “Şərqin qapısı” Teatr Festivalı keçiriləcək.
Festivalın keçirilməsində məqsəd ölkənin teatr mühitində yaradıcılıq mübadiləsini genişləndirmək, sənətkarlar arasında əməkdaşlığı gücləndirmək və tamaşaçılara zəngin səhnə nümunələri təqdim etməkdir.
Festivalın açılış mərasimi 8 may saat 17:00-da baş tutacaq. Həmin gün Azərbaycan Dövlət Pantomima Teatrının iştirakı ilə tədbirlər davam edəcək, saat 19:00-da isə Nikolay Qoqolun “Şinel” əsəri əsasında hazırlanan tamaşa nümayiş olunacaq.
Mayın 9-da festival çərçivəsində “Pantomima: aktyor sənətinin tərkib hissəsi kimi” mövzusunda ustad dərsi keçiriləcək.
Dərs pantomima teatrının quruluşçu rejissoru Ceyhun Dadaşov tərəfindən aparılacaq. Həmin gün həmçinin “Teatr marketinqi – XXI əsr” mövzusunda panel müzakirə təşkil olunacaq. Paneldə rəqəmsal iqtisadiyyat üzrə ekspert Təhməsib Quluzadə çıxış edəcək.
Axşam saatlarında Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının təqdimatında Mirzə Fətəli Axundovun “Müsyö Jordan” tamaşası rus dilində səhnələşdiriləcək.
Mayın 10-da türkiyəli sənətçi-yazar Mehmet Ümit Görgülü tərəfindən ustad dərsi keçiriləcək. Həmin gün sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elçin Cəfərovun iştirakı ilə “Rəqəmsal dövrdə teatrın transformasiyası, süni intellekt və teatr” mövzusunda müzakirə baş tutacaq. Günün sonunda Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən Hüseyn Cavidin “Ana” tamaşası təqdim olunacaq.
Festivalın bağlanış mərasimi 11 may saat 17:00-da keçiriləcək. Həmin gün saat 19:00-da isə ev sahibi teatrın səhnəsində Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” tamaşası nümayiş etdiriləcək.
Dörd gün davam edəcək festival çərçivəsində müxtəlif teatr kollektivlərinin çıxışları, ustad dərsləri və panel müzakirələr təşkil olunacaq. “Şərqin qapısı” Teatr Festivalının həm peşəkar teatr xadimləri, həm də sənətsevərlər üçün əlamətdar mədəniyyət hadisəsi olacağı gözlənilir.
