NTV xəbər verir ki, aprelin 27-dən etibarən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq, musiqi və incəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə şagird qəbulu müsabiqəsinin əyani imtahan mərhələsi başlayıb.
Qəbul prosesi müvafiq normativ qaydalara uyğun olaraq şəffaf və obyektiv meyarlar əsasında həyata keçirilir.
İmtahanlar musiqi, rəssamlıq və xoreoqrafiya istiqamətləri üzrə təşkil olunur və namizədlərin yaradıcılıq potensialının, estetik zövqünün, eləcə də ilkin peşə bacarıqlarının qiymətləndirilir.
Cari tədris ili üzrə 1-ci sinfə qəbul üçün elektron sistem vasitəsilə, o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə ümumilikdə 1069 nəfər müraciət qeydə alınıb.
Namizədlərdən 1011 nəfər musiqi, 39 nəfər rəssamlıq, 19 nəfər isə xoreoqrafiya istiqaməti üzrə imtahanlarda iştirak edirlər.
İmtahan tarixləri, keçirilmə məkanları və digər zəruri məlumatlar valideynlər və namizədlərə qeydiyyat zamanı təqdim olunmuş elektron poçt ünvanları, SMS bildirişləri, eləcə də “MyCulture” vahid şəxsi kabineti vasitəsilə çatdırılıb.
Qeyd edək ki, incəsənət məktəblərinə qəbul uşaqların erkən yaşlardan yaradıcılıq potensialının üzə çıxarılması, onların peşəkar istiqamətləndirilməsi və milli mədəni mühitin davamlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
