Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” imzaladığı Sərəncamı Naxçıvan Muxtar Respublikası mədəniyyət, incəsənət işçilərinin sevincinə səbəb oldu.
Şərq memarlığının incilərindən biri olan Möminə xatun türbəsi ilə bağlı Sərəncam milli irsin qorunmasına yönəlik mühüm addımdır. Sərəncam zəngin tarixi-mədəni irsimizin mühafizəsi, beynəlxalq miqyasda təbliği və gələcək nəsillərə mükəmməl şəkildə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Naxçıvan şəhərində yüksələn Möminə xatun türbəsi görünüşü, zəngin memarlıq elementləri ilə ziyarətçilərini heyran edir. Atabəylər Memarlıq Kompleksi abidələri sırasına daxil olan Möminə xatun türbəsində memar Əcəminin ustalığı və müdrikliyi aydın duyulur. XII əsrdə Azərbaycanda hakimiyyətdə olan Atabəylər (Eldənizlər) dövlətinin diplomat qadınlarından sayılan Möminə xatunun şərəfinə tikilən abidənin inşası Şəmsəddin Eldənizin vəfatından sonra oğlu Məhəmməd Cahan Pəhləvan tərəfindən başa çatdırılıb. 1186-cı ildə Şərqdə ilk dəfə qadının şərəfinə ucaldılan abidə anaya, qadına hörmət və ehtiramın ifadəsi kimi bu gün də Naxçıvana gələn xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanır. Möminə xatun abidəsi bu gün hər bir naxçıvanlının, qədim yurdumuza gələn qonaqların ən çox üz tutduqları ünvandır. Möhtəşəmliyin, zərifliyin, itirilməyən mənəvi dəyərlərin simvoluna çevrilmiş bu abidə bu gün daha qürurla başını qaldırıb tarixə, uzun illərin keşməkeşlərinə meydan oxuyur. Şərqin ən nadir klassik memarlıq nümunələrindən olan Möminə xatun türbəsini fərqləndirən cəhət, ilk növbədə, onun yeraltı və yerüstü hissədən ibarət olmasıdır. Onu da qeyd edək ki, bu memarlıq üslubu ilk dəfə Əcəmi tərəfindən işlədilmişdir. Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının 75 illik yubiley tədbirləri çərçivəsində Möminə xatun türbəsini ziyarət edərkən demişdir: “Düzdür, bizlər çox vaxt bu abidəni gözəl memarlıq abidəsi kimi təbliğ edirik. Bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün, bəlkə, daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir. Əgər dövlətçilik o qədər yüksək səviyyədə olmasaydı, onlar bu cür abidənin yaradılması üçün qərar qəbul edə bilərdilərmi? “
Çox zərif və yüksək bədii təfəkkür məhsulu olan abidənin üzərindəki naxışlar qadın ucalığını, qadın möhtəşəmliyini , zərafətini daşıyır . Möminə xatun türbəsi təkcə Azərbaycan memarlığında deyil, ümumən, İslam memarlığında ən uca və incə kompozisiyası ilə seçilən uzunömürlü türbələrdən biri hesab edilir. Bu abidədə təkcə bədii təfəkkürün dərinliyi, zövq incəliyi deyil, eləcə də geniş riyazi biliyə və zəngin yaradıcılıq təcrübəsinə əsaslanan mühəndislik dühası nümayiş etdirilib. Abidənin baştağında yazılan “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar” sözləri isə onu göstərir ki, mədəniyyətimizdə Möminə xatun kimi heç vaxt köhnəlməyən, öz varlığı ilə yerləşdiyi bölgəni tanıdan, şöhrətləndirən abidələr insanların yaddaşında və tarixdə həmişə qalacaq.
Ümummilli Lider Heydər Əliyev milli memarlığımızın bu möhtəşəm abidəsini 1999-cu il oktyabrın 14-də ziyarəti zamanı demişdir: “...Bu abidənin qiyməti yoxdur. Möminə Xatun türbəsi XII əsrdə, orta əsrlərdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu, doğrudan da böyük memarlıq məktəbi olduğunu göstərir. Bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir”.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Möminə xatun türbəsinin bərpa və konservasiyasının aparılması ilə bağlı müqavilə bağlanılması mərasimi və ictimaiyyətin məlumatlandırılması ilə bağlı brifinq keçirilib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə “Atelier Erich Pummer GmbH” şirkəti arasında bərpa və konservasiyasının aparılması ilə bağlı müqavilə imzalanıb.
Ölkə prezidentinin abidə ilə bağlı sərəncamı qədim diyarımızın tarixinə və mədəniyyətinə göstərilən qayğının davamıdır. Bu da Prezidentimizin milli-mənəvi dəyərlərimizə həssas münasibətindən xəbər verir.
Məmməd Hüseynli
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi
