satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanın “Tac-Mahalı” Möminə xatun türbəsi

Naxçıvanın “Tac-Mahalı” Möminə xatun türbəsi

Ulu Öndər Heydər Əliyev deyirdi: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır.  Belə abidələrdən biri də Möminə xatun türbəsidir. Möminə xatun türbəsi Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biridir. Əcəmi Əbubəkr oğlunun dövrümüzə qədər gəlib çatmış ən gözəl əsəri olan Möminə xatun türbəsi bu gün belə özündə orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Türbə 1186-cı ildə inşa olunub. O, Azərbaycan Atabəylər dövlətinin banisi olan Şəmsəddin Eldənizin həyat yoldaşı Möminə xatunun şərəfinə ucaldılıb.  Günümüzə qədər gəlib çatmayan Qoşa minarəli baştağın inşası 1187-ci ildə, Möminə xatın türbəsinin inşasından 1 il sonra başa çatmışdır.Türbənin kitabəsi mövcuddur. Türbənin kitabəsində: "... Bu türbəni dünyanın elmli, adil məliki, böyük qalib Şəmsəddin Nüsrət əl islam və əl müslimin Məhəmməd Cahan Pəhləvan Cahan Pəhləvan atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz ...Dünyanın və dinin cəlalı, islamın və müsəlmanların namusu Möminə xatunun xatirəsinə tikməyi əmr etdi!.." yazılmışdır. Ə.Ələsgərzadə baştağın üzərindəki çərçivədə abidənin tikilmə tarixinin "məhərrəm 582" (miladi 1186)-cı il olduğunu müəyyən etmişdir. XII əsr memarlıq abidəsi olan türbə Şərq memarlığı tarixində qızıl səhifədir. Yüz illər boyunca bu qızıl səhifə səyyahları, salnaməçiləri, məşhur memar və şərqşünasları heyrətləndirmişdir.

Böyük rus alimi, akademik M.V.Alpatov “Ümumdünya incəsənəti tarixi” adlı əsərində Möminə xatun türbəsi haqqında yazır ki, "belə yüksək memarlıq forması duyğusuna, kompozisiyasının bu cür klassik bitkinliyinə və ifa mükəmməlliyinə bu dövrdə Orta Avropa memarlığında təsadüf olunmur". Akademik abidəni monimentallıqla zərifliyin möcüzəsi adlandırıb və memarlıq tarixində tutduğu mövqeyi yüksək qiymətləndirmişdir. 

Bu əzəmətli sənət əsəri, yerli əhali arasında “Atabəy günbəzi” adı ilə bilinməkdədir. Tədqiqatçı alim Cəfər Qiyasi abidənin Atabəylərin soy türbəsi olduğunu göstərmişdir. Türbə yeraltı sərdabə və yerüstü qülləvari hissədən ibarətdir.Türbənin səthi çox mürəkkəb quruluşlu həndəsi ornamentlərlə nəfis şəkildə bəzədilmişdir. Çox incə və dəqiq hesablamalar tələb edən bu ornamentlərin təhlili göstərir ki, abidənin memarı həndəsə, ümumiyyətlə riyazi elmlərə yaxından bələd olmuşdur.

Xalqımızın ümümmmilli lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının 75 illik yubiley tədbirləri çərçivəsində Möminə xatun türbəsi muzeyinin ekspozisiyası ilə tanış olarkən bununla bağlı deyib ki, "Bu abidə Atabəylər dövlətinin Azərbaycan dövlətçiliyini yüz illərlə dünyaya nümayiş etdirməsini, Atabəylər sülaləsinin, nəslinin Azərbaycan tarixində nə qədər böyük yer tutduğunu göstərir". Ümummilli Liderimiz abidəni inşa etdirən adamlar haqqında da yüksək fikirlər söyləyərək onları müdrik insanlar adlandırıb. Ulu öndər çıxışında vurğulayıb ki, "Əgər o müdriklik, böyük zəka, ağıl olmasaydı, məsələn, Şəmsəddin Eldəniz öz həyat yoldaşına bu cür türbənin yaradılmasına qərar qəbul etməzdi... O nəsil nə qədər ağıllı olubdur ki, onun oğlu bunu davam etdirib və bizim tariximizi göstərən bu qədər əzəmətli memarlıq abidəsi, tariximizi təsdiq edən abidə yaranıbdır". 

Onu da qeyd edək ki, Möminə Xatun türbəsi təkcə bir şəxsə həsr olunmuş məzar abidəsi deyil, həm də Azərbaycan memarlığının gücünü, zövqünü və elmi səviyyəsini nümayiş etdirən əsərdir. Misilsiz gözəlliyə malik türbə Azərbaycanda həmin dövrlərdə yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani təcəssümüdür.

Bildiyimiz kimi bir neçə gün bundan öncə dünya əhəmiyyətli bu abidə də bərpa və konservasiya işlərinin aparılması üçün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən Sərəncam imzalanmışdır. İmzalanan Sərəncama görə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 1 (bir) milyon manat vəsait ayrılmışdır. Cənab Prezidentin Möminə xatun türbəsinin bərpası ilə bağlı imzaladığı Sərəncam bu əzəmətli abidəyə yalnız fiziki deyil, mənəvi bir dirçəliş də bəxş etdi. Araşdırmacı jurnalist Fariz Əhmədovun dediyi kimi bu sərəncam tarixə vurulan ehtiram möhürü, qadının tarixdəki izinə, sənətə, zərifliyə və dövlətçilik ruhuna verilən ali dəyərdir. 

 

Asəf Orucov

Ali Məclisin deputatı,

Tarix üzrə fəlsəfə doktoru, dosent

 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM