Mayın 5-dən 8-dək Bakı Ekspo Mərkəzində keçiriləcək “Caspian Agro Week” – 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, “InterFood Azerbaijan” – 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi, eləcə də “Horeca Caspian” – 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisində 45 ölkədən 447 şirkət iştirak edəcək.
NTV xəbər verir ki, bu barədə aprelin 28-də sərgilərlə bağlı baş tutan mətbuat konfransında məlumat verilib.
Bildirilib ki, kənd təsərrüfatı və qida sənayesi üzrə regionun ən nüfuzlu tədbirinə və milli brendə çevrilmiş “Caspian Agro Week” və “InterFood Azerbaijan” aqrar-qida sərgiləri bir sıra yeniliklərlə yadda qalacaq. Daha öncə “Caspian Agro” kimi tanınan sərgi 2026-cı ildən etibarən yeni brend - “Caspian Agro Week” adı ilə təşkil edikəcək. Sərgilərdə tətbiq olunan yeniliklərdən biri də odur ki, “InterFood Azerbaijan” sərgisi vahid məkanda – Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunda keçiriləcək.
Qeyd olunub ki, ilk dəfə olaraq “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri zamanı “Hosted Buyer” (Alıcı missiyası) proqramı təşkil olunacaq. “InterFood Azerbaijan” sərgisi çərçivəsində iştirakçılar və dəvət olunmuş şirkətlər üçün “Retail Center - Ticarət şəbəkələrinin görüş mərkəzi” fəaliyyət göstərəcək. Sərginin ayrılmaz hissəsi olan ənənəvi “Qızıl Şah 2026” Beynəlxalq Kulinariya Çempionatında 11 ölkədən olan 22 komanda müxtəlif kateqoriyalar üzrə birincilik uğrunda mübarizə aparacaq. İştirakçılardan 73-ü xarici ölkələrdən qatılan aşbazlardır. Həmçinin Azərbaycanın müxtəlif regionlarından olan fermerlər üçün sərgi turlarında 51 bölgədən 500-dən çox fermer iştirak edəcək.
