Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanın ÜDM-nin artımını 2026-cı ildə 2,2 %, 2027-ci ildə isə 2,5 % olaraq proqnozlaşdırır.
NTV IMF-nin aprel ayı üzrə "Dünya iqtisadiyyatının perspektivləri" hesabatına istinadən xəbər verir ki, fevral qiymətləndirmələri ilə müqayisədə 2026-cı il üçün proqnoz 0,1 faiz bəndi yaxşılaşdırılıb, 2027-ci il üçün proqnoz isə dəyişməz qalıb.
Beləliklə, fondun qiymətləndirmələrinə görə, qarşıdakı iki ildə ölkə iqtisadiyyatının orta illik artımı 2,35 % təşkil edəcək.
IMF tərəfindən Yaxın Şərq və Mərkəzi Asiyada artım templərinin 2025-ci ildəki 3,6 %-dən 2026-cı ildə 1,9 %-ə qədər yavaşlaması və ardınca 2027-ci ildə 4,6 %-ə qədər bərpa olunması proqnozlaşdırılır, çünki region münaqişənin (ABŞ və İsrail ilə İran arasında - red.) birbaşa təsirinə məruz qalır və sonrakı yüksəlişi gözləyir.
Öz növbəsində, Qafqaz və Mərkəzi Asiya subregionunda 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % artım gözlənilir.
"Xammal ixrac edən və münaqişədən birbaşa təsirlənən ölkələr üçün istehsal və ixracın azalması 2026-cı il üzrə ÜDM artım proqnozlarının əhəmiyyətli dərəcədə aşağı salınmasına gətirib çıxarır. Bu, enerji və nəqliyyat infrastrukturuna dəymiş ziyanın dərəcəsindən, həmçinin Hörmüz boğazından asılılıqdan və alternativ ixrac marşrutlarının mövcudluğundan asılıdır", - hesabatda bildirilib.
