Hazırkı qlobal neft qiymətləri bazardakı təchizat problemlərinin miqyasını tam əks etdirməyə bilər və yaxın gələcəkdə yüksəliş korreksiyası mümkündür.
NTV “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib.
Onun sözlərinə görə, Yaxın Şərqdəki münaqişə və Hörmüz boğazından gəmi daşımalarına qoyulan məhdudiyyətlər səbəbindən qlobal neft tədarükü gündə təxminən 13 milyon barel azalıb.
Birol, həmçinin regionun enerji infrastrukturuna dəyən ciddi ziyanı qeyd edib: mövcud hesablamalara görə, 80-dən çox obyekt zədələnib. Bərpa işləri iki ilə qədər uzana bilər.
BEA rəhbəri vurğulayıb ki, onsuz da yüksək olan qiymətlərə baxmayaraq, onlar hələlik mövcud bazar vəziyyətini tam əks etdirmir. “Faktiki təchizatın vəziyyəti ilə bazar kotirovkaları arasında fərq var”, - deyə o qeyd edib və vurğulayıb ki, balansın pozulması zamanla azala bilər.
Londonda neft fyuçersləri hazırda bir barel üçün təxminən 100 dollardan satılır. İlin əvvəlindən bəri qiymətlər təxminən 60 faiz artsa da, tarixi rekordlardan aşağıda qalır.
Ekspertlər nisbi bazar sabitliyini idxalçı ölkələrin gördüyü tədbirlərlə əlaqələndirirlər. Xüsusilə, BEA-ya üzv dövlətlər əvvəllər qiymətləri cilovlamaq üçün strateji ehtiyatlardan əhəmiyyətli miqdarda neftin buraxılması barədə razılığa gəlmişdi. Lakin agentlik qeyd edir ki, davam edən təchizat riskləri nəzərə alınarsa, bu mexanizm müvəqqəti xarakter daşıyır.
