“Neftçi” İdman Klubunun nümayəndə heyəti Johan Cruyff İnstitutunun rəsmi dəvəti ilə İspaniyanın Barselona şəhərinə səfər edib.
NTV xəbər verir ki, “Neftçi” İdman Klubunu bu səfərdə İdarə Heyəti sədrinin müşaviri Fərəc Əliyev və Beynəlxalq əlaqələr və kommunikasiyalar departamentinin rəisi Emil Kərimov təmsil ediblər. Səfər zamanı klub nümayəndələri institutun keçirdiyi “Cruyff Networking” tədbirində iştirak ediblər. Bununla yanaşı, baş direktor Albert Romans, Cruyff Futbol Platformasının icraçı direktoru və “Barselona” Futbol Klubu da daxil olmaqla Avropanın bir sıra aparıcı klublarında çalışmış tanınmış mütəxəssis Albert Kapellas, “CF Badalona SAD” klubunun sahiblərindən biri və institutun məruzəçi müəllimi Mark Serra və digər rəhbər şəxslərlə ikitərəfli görüşlər keçirərək, mümkün əməkdaşlıq istiqamətləri və qarşılıqlı fəaliyyət imkanlarını müzakirə ediblər.
Səfər çərçivəsində iki qurum arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd tərəflər arasında beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə və bu istiqamətdə yeni imkanların açılmasına, idmançı, məşqçi və inzibati heyətin peşəkar karyera inkişafının dəstəklənməsinə, idman sahəsində araşdırmalara dair təcrübə mübadiləsinin aparılmasına, birgə idman tədbirləri, seminarlar və konfransların, sosial və media sahəsində təşəbbüslərin həyata keçirilməsinə mühüm töhfə verəcək.
