NTV xəbər verir ki, Naxçıvan Dövlət Universitetində 18 Sentyabr – Milli Musiqi Günü münasibətilə tədbir təşkil olunub.
Konservatoriya binasının həyətində “Nəfəsli alətlər” orkestrinin ifası ilə başlayan tədbir mərtəbələr üzrə müxtəlif musiqi nömrələri ilə davam edib. “Arşın mal alan” əsərindən səhnəcik, “Cəngi” və “Uzundərə” rəqsləri, eləcə də simli kvartetin ifasında “Arazbarı” əsəri təqdim olunub.
Ardınca İncəsənət fakültəsinin müəllim və tələbələrinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib. Sərgidə musiqi mövzulu kompozisiyalar, rəngkarlıq, stilizasiya və heykəltəraşlıq nümunələrindən ibarət 50-dən çox yaradıcılıq işi nümayiş olunub.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında Azərbaycan musiqisinin zəngin ənənələrindən və milli mədəniyyətimizin dünyada tanıdılmasında musiqi sənətinin rolundan bəhs edib. Rektor peşəkar Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəylini dərin hörmət və ehtiramla anaraq onun Azərbaycan musiqisinin və mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən danışıb, bəstəkarın ədəbi-bədii və ictimai-siyasi fəaliyyətinə də diqqət çəkib. Vurğulayıb ki, Üzeyir Hacıbəylinin anadan olmasının 100 illik yubileyi ərəfəsində Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi təsis edilib. O gündən etibarən bu əlamətdar tarix Azərbaycan musiqisinin bayramı kimi qeyd olunur.
Elbrus İsayev Naxçıvan Dövlət Universitetində milli musiqi sənətinin inkişafına xüsusi diqqət göstərildiyini qeyd edib. Konservatoriyanın müəllim və tələbələrinin bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirərək universitetdə musiqi sənətinin inkişafına verdikləri töhfələrə görə təşəkkürünü bildirib. Rektor bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdiriləcəyini, gənc musiqiçilərin yaradıcılıq imkanlarının genişləndirilməsi və milli musiqi ənənələrinin yaşadılması üçün yeni addımlar atılacağını vurğulayıb.
“Musiqi nəzəriyyəsi” kafedrasının baş müəllimi Rümiyyə Məmmədova çıxışında Üzeyir Hacıbəylinin Azərbaycan musiqi sənətinin inkişafında əvəzsiz mövqeyindən danışıb.
Konsert proqramının davamında Prezident mükafatçısı, NDU-nun müəllimi Sahil Babayevin bədii rəhbəri olduğu “Gənclik” instrumental ansamblının ifasında Həsən Rzayevin “Çahargah rapsodiyası” səsləndirilib. Prezident mükafatçıları İsrafil Qibləliyev və İlkin Abdullayev, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfüqar Mahmudov və universitet əməkdaşı Elmar Qasımovun ifaları ilə Azərbaycan bəstəkarlarının əsərləri dinləyicilərə təqdim olunub.
Konsert proqramı tamaşaçılarda xoş ovqat yaradıb, alqışlarla qarşılanıb.
