satellite   Azerspace-1: 11135 H 30000

Ölkəmizdə parlamentarizm ənənələrinin formalaşmasında ümummilli lider Heydər Əliyevin rolu

Ölkəmizdə parlamentarizm ənənələrinin formalaşmasında ümummilli lider Heydər Əliyevin rolu

Parlamentarizm - demokratik cəmiyyətin əsas sütunlarından biri olmaqla yanaşı, xalqın iradəsinin dövlət idarəçiliyinə təzahürünün formasıdır. Azərbaycan tarixində bu sistemin təşəkkülü və inkişafı birbaşa ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ölkəmizdə parlamentarizm ənənələrinin formalaşmasındakı rolu əvəzsiz və çoxşaxəlidir. O, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğu və demokratik cəmiyyətin inkişafı istiqamətində həyata keçirdiyi islahatlarla müasir parlament sisteminin əsasını qoymuşdur.

Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə bütün dövlət hakimiyyəti orqanlarını, eləcə də parlamentin fəaliyyətini Azərbaycan xalqının iqtisadi, sosial, mədəni inkişafına istiqamətləndirdi. Ulu Öndər respublikanın rəhbəri kimi parlamentin gücündən məharətlə istifadə edərək xalqın milli-mənəvi sərvətlərinin qorunub saxlanması və inkişafı üçün hüquqi bazanı addım-addım genişləndirdi. Həmin dövrlərdə parlament tərəfindən müxtəlif məcəllələr, qanunlar və digər normativ-hüquqi aktlar qəbul edildi, respublikanın hüquqi bazası möhkəmləndirildi.

Parlamentin dövlətin və cəmiyyətin həyatındakı əhəmiyyətini yaxşı anlayan ümummilli lider, Azərbaycan SSR Ali Sovetinin deputatı və respublikanın rəhbəri kimi Ali Qanunverici Orqanla qarşılıqlı fəaliyyət göstərirdi. Ulu Öndər Sovet hakimiyyəti illərində Azərbaycan SSR Ali Sovetinin fəaliyyətini genişləndirərək parlamentin bütün imkanlarını Azərbaycan xalqının rifahına istiqamətləndirmişdir.

Müstəqilliyimizin bərpasından sonra Azərbaycan Respublikasının qanunverici orqanının tam mənada fəaliyyəti də ümummilli liderin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərində ölkədə gedən siyasi proseslər Ulu Öndərin Vətənə qayıdışına səbəb oldu. Xalqımızın o çətin günlərində Heydər Əliyev yenə millətinin yanında olmağı seçdi. Böyük siyasətçi 1990-cı il iyulun 20-də Vətənə qayıtdı və iyul ayının 22-də Naxçıvana gəldi.

Naxçıvan əhalisi Ulu Öndəri böyük sevinclə qarşıladı. Bu sevginin nəticəsi olaraq, 1990-cı il sentyabrın 30-da Azərbaycan SSR xalq deputatlarının və yerli xalq deputatları sovetləri deputatlarının seçkiləri zamanı böyük siyasətçini birmənalı şəkildə dəstəklədi. Seçkilərin nəticələrinə əsasən, Heydər Əliyev Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçildi.

1990-cı ilin 3 sentyabrında ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi dövlətçilik tariximizdə yeni bir səhifənin başlanması ilə bərabər, müasir parlament anlayışının da əsasını qoydu. Heydər Əliyev Muxtar Respublikaya rəhbərlik etməyə başladığı ilk gündən dövlət quruculuğuna, idarəetmənin təkmilləşdirilməsinə, iqtisadi islahatların aparılmasına, xarici ölkələrlə əlaqələrin qurulmasına, müdafiə və hərbi quruculuq məsələlərinə xüsusi diqqət yetirirdi.

 

Həmin dövrdə həm respublikada, həm də Naxçıvanda vəziyyət çox gərgin idi. Belə çətin bir dövrdə Ulu Öndər Naxçıvanda milli dövlətçilik ənənələrini bərpa etməyə başladı. 1990-cı il noyabr ayının 17-də Muxtar Respublikanın ali qanunvericilik orqanında məhz onun təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırıldı. Ulu Öndərin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri çıxarıldı, qanunvericilik orqanının adı dəyişdirilərək “Ali Məclis” adlandırıldı.

1993-cü il iyun ayının 15-də xalqın qurtuluş missiyasını öz üzərinə götürən ümummilli lider Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatda müşahidə olunan gərginliyin aradan qaldırılması istiqamətində tədbirlər görülməyə başlandı.

Ulu Öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni mərhələyə keçdi. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi, müxtəlif hüquqi sənədlərə dəyişikliklər edildi. Heydər Əliyev parlamentin sədri kimi Azərbaycanın strateji maraqları əsasında ölkənin beynəlxalq münasibətlər sistemində yerini müəyyənləşdirdi.

Bununla yanaşı, Ali Sovetin sədri olaraq mədəniyyətin, elmin və təhsilin inkişafına da böyük diqqət yetirir, alimlərlə, gənclərlə görüşlər keçirir, onlarla ölkənin gələcəyi barədə fikirlərini bölüşürdü.

Ümummilli Lider dörd ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, parlamentə siyasi mədəniyyət gətirdi. Onun çıxış tərzi, müzakirə edilən məsələlərlə bağlı fikirlərini dəqiq əsaslandırması parlament üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm dərsi idi.

Heydər Əliyev Ali Sovetin Sədri vəzifəsində çalışdığı müddətdə Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməlini qoydu. Görülən işlərin nəticəsi olaraq, 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində seçicilər Heydər Əliyevə səs verərək ölkənin taleyini görkəmli dövlət xadiminə həvalə etmək niyyətində olduqlarını bütün dünyaya nümayiş etdirdilər.

Ulu Öndər Heydər Əliyev iqtisadi, siyasi, hüquqi islahatların həyata keçirilməsini, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olunmasını çox önəmli hesab edirdi. Bu məqsədlə o, ölkənin yeni Konstitusiya layihəsinin hazırlanmasına böyük əhəmiyyət verir və bu işə şəxsən özü rəhbərlik edirdi. Uzun müzakirələrdən sonra 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Həmin gün müstəqillik dövründə ilk dəfə parlament seçkiləri keçirildi və I çağırış Milli Məclis seçilərək fəaliyyətə başladı.

 

Əsas Qanunun qəbulu dövlət quruculuğu və cəmiyyətin gələcək inkişaf modeli üçün hüquqi əsas yaratdı. Tezliklə ölkə həyatının müxtəlif sahələri üzrə yeni qanun layihələri hazırlanıb qəbul edildi.

Ümummilli Lider Heydər Əliyevin xarici siyasət strategiyasında parlamentin beynəlxalq əlaqələrinin inkişafı mühüm yer tuturdu. Bu uzaqgörən siyasətin nəticəsi kimi bu gün Milli Məclis respublikanın iştirak etdiyi müxtəlif nüfuzlu beynəlxalq qurumların parlament məclislərinin tamhüquqlu üzvüdür. Milli Məclisdə dünyanın 100-dən çox ölkəsinin parlamenti ilə əlaqələr üzrə işçi qrupları yaradılmışdır. Bu gün Azərbaycan parlamenti ölkənin beynəlxalq əlaqələrinin inkişafına öz layiqli töhfəsini verməkdədir.

Ulu Öndər Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi münasibətilə Milli Məclisin təntənəli iclasında çıxış edərkən bu barədə belə demişdi: “Azərbaycan Respublikasının Milli Məclisi Xalq Cümhuriyyətinin yaratdığı parlamentin indi də varisidir. Hesab edirəm ki, Azərbaycanın bugünkü Milli Məclisi varislik adını şərəflə daşıyır, eyni zamanda ötən illərdə və xüsusən son dövrdə Azərbaycanın müstəqil dövlətini inkişaf etdirmək üçün çox işlər görübdür.”

Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi, demokratik institutların formalaşması və parlamentarizmin əsaslarının yaradılması uğurla həyata keçirilmişdir. Onun siyasi uzaqgörənliyi və möhkəm iradəsi nəticəsində ölkəmizdə Milli Məclis cəmiyyətin inkişafına töhfə verən, xalqın səsini əks etdirən və qanunvericilik fəaliyyətində əsas rol oynayan quruma çevrilmişdir.

Bu gün Azərbaycanın siyasi sistemində müşahidə olunan sabitlik, qanunverici hakimiyyətin fəaliyyəti və vətəndaş cəmiyyətinin inkişafı məhz Heydər Əliyevin müəyyən etdiyi kursun davamı olaraq qiymətləndirilə bilər. Və həmin kurs cənab Prezident tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz şanlı tarixinin ən parlaq səhifələrini yazmaqdadır.

 

Mahir İsmayılov

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM