Fransa Senatı çərşənbə axşamından çərşənbə gününə keçən gecə “Dağıdan ödəsin” (“casseurs-payeurs”) adlandırılan qanun layihəsini 229 səs lehinə, 105 əleyhinə olmaqla qəbul edib. İctimai asayişin qorunmasına dair yeni tədbirlərlə genişləndirilən sənəd hələ yekun təsdiqini almayıb. Məsələ Milli Assambleyada da müzakirə olunacaq.
NTV xəbər verir ki, Senatın sağçı çoxluğu və Milli Birlik (RN) partiyası tərəfindən dəstəklənən layihə ictimai iğtişaşlar zamanı dəymiş zərərin ödənilməsinə görə məsuliyyətin genişləndirilməsini nəzərdə tutur. Daxili işlər naziri Loran Nünez bildirib ki, dağıntılara görə məsul şəxslər yalnız inzibati cəza almamalı, həm də vurduqları zərəri ödəməlidirlər.
Layihəyə əsasən, müəyyən şərtlər daxilində zorakılıq və ya dağıntı hazırlayan qrupa şüurlu şəkildə qoşulan, yaxud zorakılıq və talan hallarından xəbərdar olduğu halda dağılışmaq barədə polis xəbərdarlığından sonra qəsdən izdihamda qalan şəxslər hər biri 10 min avroyadək mülki məsuliyyət daşıya bilərlər.
