satellite   Azerspace-1: 11135 H 30000

Alimlər xərçənglə mübarizədə immun hüceyrələrinin gücünü artırmağın yolunu tapıblar

Alimlər xərçənglə mübarizədə immun hüceyrələrinin gücünü artırmağın yolunu tapıblar

ABŞ alimləri immun hüceyrələrinin xərçənglə mübarizə qabiliyyətini gücləndirə biləcək yeni yanaşma aşkar ediblər.

NTV xəbər verir ki, tədqiqatın nəticələrinə görə, adətən xərçəngin inkişafını təşviq edən PPARD adlı transkripsiya faktorunun immun hüceyrələrində aktivləşdirilməsi şişlərin böyüməsini ləngidə və ya dayandıra bilər.

Cold Spring Harbor Laboratoriyasının (CSHL) alimlərinin “Nature Immunology” jurnalında dərc olunan araşdırması kolorektal xərçəng və digər şiş növlərinin müalicəsində yeni imkanlar yarada bilər.

Tədqiqatçılar siçanlar üzərində aparılan təcrübələrdə müəyyən ediblər ki, immun hüceyrələrində PPARD-ın aktivləşdirilməsi şiş mühitini xərçəng əleyhinə istiqamətdə dəyişir. Bu faktor hüceyrələrdə yağ mübadiləsinin tənzimlənməsində iştirak edir. Alimlərin fikrincə, immun hüceyrələrinin yağlardan enerji əldə etmə qabiliyyətinin artırılması onların xərçənglə mübarizəsini gücləndirə bilər.

Tədqiqatın növbəti mərhələsində komanda PPARD-ı CART hüceyrələrində aktivləşdirib. Genetik modifikasiya edilmiş bu immun hüceyrələri xəstələrin toxuma nümunələrindən yetişdirilən miniatür şişlərdə, eləcə də insan xərçəng hüceyrələri üzərində sınaqdan keçirilib. Təcrübələr zamanı PPARD ilə aktivləşdirilmiş CART hüceyrələrinin şişlərin böyüməsini ləngitdiyi və ya dayandırdığı müşahidə olunub.

Alimlər əldə etdikləri nəticələri kolorektal xərçənglə yanaşı, döş və yumurtalıq xərçəngi, eləcə də melanoma üzərində də təsdiqləyiblər.

Tədqiqata rəhbərlik edən CSHL-in dosenti Semir Beyazın sözlərinə görə, immun hüceyrələrinin sağlamlığını və funksionallığını artırmaq xərçəng immunoterapiyasının effektivliyini yüksəltmək üçün yeni imkanlar aça bilər. Onun komandası hazırda bu yanaşmanın xroniki iltihabi xəstəlik olan endometriozun müalicəsində tətbiqini də araşdırır.

Tədqiqat ümidverici nəticələr göstərsə də, yanaşmanın insanlarda təhlükəsizliyini və effektivliyini müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM