NASA-nın “SpaceX Crew-12” missiyasının 4 üzvü Beynəlxalq Kosmik Stansiyada 237 günlük fəaliyyətini başa vuraraq Yerə qayıdır.
NTV xəbər verir ki, astronavtların olduğu “Dragon” kapsulunun oktyabrın 8-də, Şərq vaxtı ilə saat 11:34-də Kaliforniya sahilləri yaxınlığında Sakit okeana enməsi planlaşdırılır. Kapsulun orbitdən çıxış manevri saat 10:46-da həyata keçiriləcək.
Missiyanın heyətinə NASA astronavtı və kapsulun komandiri Cessika Meir, pilot Cek Hetevey, Avropa Kosmik Agentliyinin astronavtı Sofi Adeno və Rusiyanın “Roskosmos” agentliyinin kosmonavtı Andrey Fedyayev daxildir. Hetevey və Adeno üçün bu, ilk kosmik uçuşdur. Meir daha əvvəl 205, Fedyayev isə 186 gün kosmosda olub.
“Crew-12” missiyası 2026-cı il fevralın 13-də Floridadakı Kanaveral burnu Kosmik Qüvvələr Stansiyasından “Falcon 9” raketi ilə başladılıb. Bu, NASA-nın Kommersiya Heyəti Proqramı çərçivəsində “SpaceX” vasitəsilə Beynəlxalq Kosmik Stansiyaya həyata keçirilən 12-ci heyət rotasiyası və astronavt daşıyan “Dragon” kapsulunun 13-cü uçuşudur.
Missiyanın əsas məqsədi gələcək Ay və Mars ekspedisiyalarına hazırlıq üçün elmi araşdırmaların və texnoloji sınaqların aparılması olub. Heyət pnevmoniyaya səbəb olan bakteriyaların ürək toxumasına təsirini, kosmosda qan dövranını, ehtiyac olduqda venadaxili məhlul hazırlanmasını, bitkilərin avtomatik monitorinqini və mikroqravitasiya şəraitində qida istehsalı imkanlarını araşdırıb. Bu tədqiqatların nəticələrinin həm uzunmüddətli kosmik səfərlərdə, həm də Yer kürəsində tibbi və kənd təsərrüfatı texnologiyalarında istifadə olunması nəzərdə tutulur.
