Qazaxıstanın Almatı şəhərində süni intellekt sahəsində iki böyük layihə – “Almaty AI Hub” və “Almaty AI Park” həyata keçirilir.
NTV Almatı şəhər hakimiyyətinə istinadla xəbər verir ki, “Almaty AI Hub” ümumi sahəsi 9,4 min kvadratmetrdən çox olan yeni qurulacaq binada yerləşəcək. Burada 556 iş yeri, İT və süni intellekt şirkətləri, startaplar və proqramçılar üçün məkanlar, həmçinin təhsil və kovorkinq ofisləri nəzərdə tutulur.
“Almaty AI Park” 4,9 hektar ərazidə inşa ediləcək. Burada elmi-tədqiqat və süni intellekt laboratoriyaları, ofislər, akselerator, biznes-inkubator, təhsil məkanları və universitet yerləşəcək.
Parkın birinci hissəsinin gələn ilin dekabrında, ikinci hissəsinin isə 2028-ci ilin dekabrında tamamlanması planlaşdırılır.
Hər iki layihə mütəxəssislərin hazırlanması, startapların inkişafı, tədqiqatların aparılması və texnoloji həllərin tətbiqi üçün vahid infrastruktur yaradacaq.
