Serbiya Prezidenti Aleksandar Vuçiç İsrail istehsalı olan pilotsuz uçuş aparatlarının yığılması üzrə zavodun açılışını edib.
NTV xəbər verir ki, bu barədə Serbiya Radio və Televiziyası (RTS) Serbiya liderinin "Instagram"dakı paylaşımına istinadən məlumat yayıb.
Müəssisədə 100-ə yaxın insan çalışacaq. İstehsal olunan məhsullar həm Serbiya ordusu, həm də digər ölkələrin silahlı qüvvələri üçün nəzərdə tutulub.
"Bu gün səhər mən Serbiya və onun uğurları ilə xüsusilə fəxr etdim. Mən İsrail istehsalı olan ən müasir pilotsuz uçuş aparatlarının yığılması üzrə zavodun açılışını etdim. Planlarımız möhtəşəmdir", - A.Vuçiç yazıb.
Onun sözlərinə görə, Serbiyada İsrail tərəfdaşlarının iştirakı ilə daha ən azı üç müəssisənin açılması planlaşdırılır.
A.Vuçiç qeyd edib ki, istehsal prosesinin məxfiliyi səbəbindən jurnalistlər zavodun açılışına dəvət olunmayıb. O, həmçinin müəssisədə yığılmasına başlanılan bəzi pilotsuz uçuş aparatı modellərinin videogörüntüsünü yayımlayıb.
