Fransada yanacağın qiyməti artır. Bu gün Strasburq bölgəsindəki yanacaqdoldurma məntəqələrindən birində dizel və ya premium benzinin litri 2,99 avroya satışa çıxarılıb.
NTV xəbər verir ki, 3 avroya yaxın qiymət hələlik lokal xarakter daşıyır.
Strasburqun özündə dizelin orta qiyməti təxminən 2,45–2,52 avro olub. Bəzi “TotalEnergies” məntəqələrində isə tətbiq olunan qiymət limiti sayəsində ən aşağı qiymət 2,25 avro təşkil edib. Strasburq yaxınlığındakı Ostvaldda, magistral yol üzərində yerləşən “Shell” məntəqəsində isə dizelin litri təxminən 2,89 avroya satılıb.
Yanacağın bahalaşmasının əsas səbəblərindən biri Yaxın Şərqdə gərginliyin yenidən artmasıdır. Dünya neftinin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazında yaranmış məhdudiyyətlər qlobal təchizatı zəiflədib. Tankerlərə hücumlar və strateji keçid ətrafında gərginlik “Brent” markalı neftin qiymətinin bir barel üçün 100 dolları keçməsinə səbəb olub.
Bununla yanaşı, İranın müttəfiqi olan husilərin Bab əl-Məndəb boğazı və Qırmızı dənizdəki hücumları alternativ daşınma marşrutlarını çətinləşdirib. Yaxın Şərqdə emal güclərinin məhdudlaşması, Ukraynanın Rusiyadakı neft emalı zavodlarına hücumları, yüksək tələbat, eləcə də nəqliyyat və sığorta xərclərinin artması bazarda təzyiqi gücləndirib. Nəticədə təklif və tələbat arasındakı tarazlıq pozulur və bu vəziyyət tədricən yanacaqdoldurma məntəqələrindəki qiymətlərə də təsir göstərir. Bununla belə, qiymətlər məntəqədən-məntəqəyə əhəmiyyətli dərəcədə dəyişir.
