Rumıniyanın nüvə enerjisi operatoru “Nuclealectrica” çərşənbə axşamı Dunay çayının səviyyəsinin kritik dərəcədə aşağı olması səbəbindən Çernavoda Atom Elektrik Stansiyasında qalan yeganə reaktor olan 2-ci blokun bağlana biləcəyini açıqlayıb.
NTV xəbər verir ki, bu barədə “Digi24” telekanalı məlumat yayıb.
“Nuclealectrica” bildirib ki, Dunay çayının suyunun səviyyəsinin davamlı olaraq aşağı düşməsi səbəbindən 2-ci blok 13 avqust səhəri nəzarətli şəkildə bağlana bilər.
Çernavoda stansiyasının 1-ci bloku 28 iyulda şiddətli quraqlıq səbəbindən Dunay suyunun səviyyəsinin olduqca aşağı olması səbəbindən nəzarətli şəkildə bağlanıb və hazırda işləmir.
Son bəyanat Rumıniya Milli Su Administrasiyasının baş direktor müavini Sorin Rindasunun “Digi24”ə açıqlamadan qısa müddət sonra verilib. O, Çernavodada reaktor suyunun mənfi 230 santimetr kritik səviyyəyə çatdığını və mövcud məlumatlara əsasən, 2-ci blokun bağlanmasının artıq labüd olduğunu bildirib. Baş direktorun müavini əlavə edib: “Mən heç vaxt belə göstəricilərlə, bu qədər aşağı axınlarla qarşılaşmamışam”. Vəziyyətin daha da pisləşə biləcəyi barədə xəbərdarlıq edən Rindasu qeyd edib ki, AES-in 2-ci bloku azı iki həftə bağlı qalacaq. “Hazırda bütün məlumatlar bizi yağıntı çatışmazlığı və qarşıdakı aylarda qeydə alınacaq səviyyələr baxımından son dərəcə çətin bir dövrə aparır”, - deyə o əlavə edib.
