Beynin zədələrdən və bəzi autoimmun xəstəliklərdən sonra özünü bərpa etmək qabiliyyətinin əvvəllər düşünüldüyündən daha yüksək olduğu müəyyən edilib.
NTV xəbər verir ki, Sürix Universitetinin alimləri siçanlar üzərində apardıqları araşdırmada beyində zədələnmiş toxumanın bərpasına kömək edən xüsusi “bərpaedici” astrositlər qrupu aşkar ediblər. Astrositlər beyində neyronları qidalandıran, qan axınını tənzimləyən və beyin toxumasının sağlamlığını qoruyan dəstək hüceyrələridir. Əvvəllər hesab olunurdu ki, bu hüceyrələr itirildikdə yetkin beyin onları tam şəkildə bərpa edə bilmir.
Tədqiqat zamanı alimlər canlı siçanların beynini bir neçə həftə ərzində real vaxt rejimində müşahidə ediblər. Nəticədə zədələnmiş sahələrin kənarında yerləşən xüsusi astrositlərin toxumanın bərpasında iştirak etdiyi müəyyənləşdirilib.
Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri bu hüceyrələrin yeni yaranmış hüceyrələrin nüvələrini uzun məsafələr boyunca zədələnmiş beyin sahələrinə göndərməsidir. Bu proses astrosit şəbəkəsinin yenidən qurulmasına və zədələnmiş toxumanın bərpasına kömək edir.
Tədqiqatçılar hesab edirlər ki, bu mexanizmin necə işlədiyini daha yaxşı anlamaq gələcəkdə beyin zədələri və astrositlərin itirilməsi ilə müşayiət olunan bəzi xəstəliklərdən sonra sağalmanı sürətləndirə bilər. Alimlər, həmçinin bərpa prosesi zamanı aktivləşən bir sıra gen və siqnal yollarını müəyyən ediblər. Bu mexanizmlərin gələcəkdə zədələnmiş beyin toxumasının məqsədyönlü şəkildə bərpası üçün yeni müalicə üsullarının hazırlanmasında istifadə oluna biləcəyi gözlənilir.
Araşdırmanın müəllifləri bildirirlər ki, nəticələr yetkin beynin özünü bərpa etmək qabiliyyətinin əvvəllər məlum olmayan xüsusiyyətlərini ortaya qoyur.
