Qazaxıstanın Energetika Nazirliyi 24 neft-qaz sahəsini elektron hərraca çıxarır.
Bu barədə NTV nazirliyin yaydığı məlumata istinadən xəbər verir.
"Qazaxıstan Respublikasının Energetika Nazirliyi karbohidrogenlər üzrə yerin təkindən istifadə hüququnun verilməsi üçün elektron hərracın keçiriləcəyini elan edir", - məlumatda bildirilir.
Şərtlərə əsasən, Xəzəryanı çöküntü hövzəsi daxilində tam və ya qismən yerləşən kəşfiyyat və hasilat sahələri üzrə geoloji-kəşfiyyat işlərinin dərinliyi mütləq mənfi 5 000 metr səviyyəsi ilə məhdudlaşdırılır.
Məlumata görə, hərracın qalibləri müqavilə bağlandıqdan sonra bir il ərzində kəşfiyyat işləri layihəsini hazırlamalı, üç il ərzində 2D seysmik-kəşfiyyat işləri üzrə minimum tələbləri yerinə yetirməli, dörd il ərzində isə ən azı bir kəşfiyyat quyusunun qazılması üzrə minimum tələbləri icra etməlidirlər.
