Özbəkistan “Səmərqənd-2028” hiperspektral peykini uğurla kosmosa buraxıb.
NTV özbək mediasına istinadla xəbər verir ki, peyk Çinin STAR.VISION şirkəti ilə birgə hazırlanıb. O, Çinin Şandun əyalətinin sahillərindəki buraxılış platformasından kosmosa göndərilib.
Özbəkistan Rəqəmsal Texnologiyalar Nazirliyi bildirib: “Layihənin bir hissəsi olaraq, “Özbəkkosmos” agentliyinin mütəxəssisləri hiperspektral məlumatların birbaşa peykdə emal olunmasına imkan verən süni intellekt modulu hazırlayıblar. Bu imkan məlumatların ötürülməsi və onların təhlilinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır, eyni zamanda süni intellektin kosmik texnologiyalarda praktik tətbiqini genişləndirir”.
Nazirliyin məlumatına görə, "Səmərqənd-2028" missiyası kosmik texnologiyaların kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, təbii sərvətlərin monitorinqi, su ehtiyatlarının idarə edilməsi, fəlakət risklərinin azaldılması, şəhərsalma və digər strateji əhəmiyyətli sektorlarda tətbiqini nəzərdə tutur.
Missiya Özbəkistanın tarixində ən böyük beynəlxalq kosmik layihələrdən biridir və ölkənin milli kosmik proqramında əhəmiyyətli mərhələdir. O, həmçinin Özbəkistan və Çin arasında elmi-texnoloji əməkdaşlığı daha da gücləndirir.
