Almaniyanın müdafiə sənayesi konserni “Rheinmetall” Böyük Britaniya Silahlı Qüvvələrinin əsas modernləşdirmə layihələrindən biri çərçivəsində yeni sifariş alıb.
NTV xəbər verir ki, şirkət Britaniya Ordusu üçün nəzərdə tutulan “RCH 155” özüyeriyən haubitsaların 155 millimetrlik silah qurğularını istehsal edəcək. Sifarişin dəyərinin bir neçə yüz milyon avro təşkil etdiyi bildirilir.
Müqaviləyə əsasən, “Rheinmetall” ümumilikdə 72 silah qurğusu, həmçinin bort alətləri, texniki sənədlər və təlim materialları təqdim edəcək. İstehsal şirkətin İngiltərənin Telford şəhərində fəaliyyətə başlayan yeni artilleriya zavodunda həyata keçiriləcək.
“RCH 155” sistemi Almaniya və Böyük Britaniyanın birgə satın aldığı müasir artilleriya platformasıdır. O, “Boxer” zirehli texnikasının şassisi üzərində quraşdırılıb və tam avtomatlaşdırılmış, ekipajsız qüllə ilə təchiz edilib. Sistemin əsas üstünlüklərindən biri hərəkət zamanı atəş açmaq imkanına malik olmasıdır ki, bu da onu öz sinfinin ən müasir artilleriya sistemlərindən birinə çevirir.
