Qazaxıstanda bütün ticarət subyektləri, o cümlədən kiçik və mikro müəssisələr üçün Milli Məhsul Kataloqundan məcburi istifadə mərhələsi başa çatıb.
NTV xəbər verir ki, bu barədə ölkənin Ticarət və İnteqrasiya Nazirliyi məlumat yayıb.
Hazırda vahid dövlət kataloqunda 29 milyon məhsul qeydiyyatdan keçirilib. Bildirilir ki, ilin əvvəlindən məhsulların sayı 60 faizdən çox artıb, sistem istifadəçilərinin sayı isə təxminən 65 faiz yüksələrək 64,9 min nəfərə çatıb.
Kataloqda hər bir məhsula unikal identifikasiya kodu verilir. Bu kod elektron qaimə-fakturaların, müşayiətedici sənədlərin hazırlanmasında, nəzarət-kassa aparatlarının fəaliyyətində, eləcə də dövlət və kommersiya informasiya sistemləri ilə inteqrasiyada istifadə olunur.
Nazirliyin məlumatına görə, vahid kataloqun tətbiqi məhsullar barədə məlumatların keyfiyyətinin yüksəldilməsinə, təkrarlanmaların və səhvlərin azalmasına, həmçinin ticarət, logistika və dövlət xidmətlərinin rəqəmsallaşdırılmasına imkan yaradacaq.
