Fransa parlamenti iyulun 21-də 15 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunu yekun olaraq təsdiqləməlidir.
NTV xəbər verir ki, bir gün əvvəl parlamentin uzlaşdırma komissiyası qanununun kompromis mətnini bəyənərək, onun qəbulunu mümkün edib.
Parlamentin gündəliyinə əsasən, səsvermə günün ikinci yarısına planlaşdırılıb. Sənəd qəbul olunarsa, Fransa Avropa İttifaqında (Aİ) milli səviyyədə belə bir qadağa tətbiq edən ilk ölkə olacaq.
Yeni qanun 15 yaşından kiçik şəxslərə sosial şəbəkələrdə hesab yaratmağı qadağan edəcək, həmçinin platformaları yetkinlik yaşına çatmayanların artıq mövcud olan hesablarını bloklamağa məcbur edəcək. Qeydiyyatla bağlı qadağa sentyabrın 1-dən qüvvəyə minəcək, bu yaş kateqoriyasına aid şəxslərin səhifələrinin deaktivasiyası isə 2027-ci ilin yanvarından etibarən həyata keçiriləcək. Eyni zamanda, məhdudiyyətlər təhsil platformalarına və onlayn ensiklopediyalara şamil edilməyəcək.
Fransa Prezidenti Emmanuel Makron bu qanunu özünün ikinci prezidentlik müddətinin əsas təşəbbüslərindən birinə çevirib və onun yeni tədris ilinin əvvəlinə qədər qüvvəyə minməsini təmin etmək niyyətində olduğunu bildirib. Sənəd, həmçinin orta məktəblərdə mobil telefonlardan istifadənin qadağan edilməsini də nəzərdə tutur.
Son vaxtlar Avropada internetdə yetkinlik yaşına çatmayanların müdafiəsi ilə bağlı geniş müzakirələr gedir. Fransa, Yunanıstan və İspaniya daha əvvəl Aİ-ni uşaqların sosial şəbəkələrə girişinə ümumavropa məhdudiyyətləri tətbiq etməyə çağırmışdı. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ötən həftə bildirib ki, uşaqların bu cür platformalara girişi onların yaşı nəzərə alınmaqla mərhələli şəkildə qurulmalıdır.
