Fransanın Luvr muzeyində yerləşən məşhur Apollon qalereyası ziyarətçilər üçün iyulun 22-də yenidən açılacaq. Fransız mediasının məlumatına görə, qalereya hələlik öz kolleksiyaları və qiymətli eksponatları olmadan fəaliyyət göstərəcək.
NTV xəbər verir ki, bu açılış 2025-ci il oktyabrın 19-da baş vermiş qarətdən təxminən doqquz ay sonraya təsadüf edir. Həmin hadisə zamanı Fransa tacına məxsus səkkiz qiymətli daş oğurlanmışdı. Onların ümumi dəyərinin təxminən 88 milyon avro olduğu bildirilir.
Hadisə zamanı bir qrup şəxs gündüz saatlarında yük qaldırıcı platforması olan yük maşınından istifadə edərək qalereyaya daxil olmuş və tac kolleksiyasına aid səkkiz zinət əşyasını aparmışdı. Oğurlanan əşyalar hələ də tapılmayıb.
Baş verən hadisədən sonra Luvr rəhbərliyi qalan qiymətli eksponatların saxlanılması üçün daha təhlükəsiz yeni bir zalın yaradılmasını planlaşdırır.
Apollon qalereyası Luvrun ən məşhur məkanlarından biri hesab olunur. 15 metr hündürlüyündə tavanı olan bu möhtəşəm zal Fransa kralı XIV Lüdovikin göstərişi ilə inşa etdirilib.
Qeyd edək ki, ildə təxminən 9 milyon ziyarətçi qəbul edən Luvr dünyanın ən böyük muzeyi sayılır.
