ABŞ Mərkəzi Komandanlığı iyulun 20-də Şərq vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə iyulun 21-i saat 05:00) İrana qarşı növbəti hücum dalğasını başa çatdırıb.
NTV xəbər verir ki, bu barədə Mərkəzi Komandanlığın yaydığı məlumatda bildirilib.
Məlumata görə, ABŞ qüvvələri İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə hücum imkanlarını zəiflətmək məqsədilə ölkənin hərbi komandanlıq mərkəzlərinə, dəniz qüvvələrinin obyektlərinə, raket və pilotsuz uçuş aparatlarının buraxılış məntəqələrinə, eləcə də hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib.
Bəyanatda qeyd olunub ki, həyati əhəmiyyət daşıyan beynəlxalq dəniz dəhlizi ilə ticarət gəmilərinin tranziti davam edir.
“May ayının əvvəlindən etibarən Mərkəzi Komandanlığın qüvvələri təxminən 900 ticarət gəmisinin və 450 milyon barel xam neftin təhlükəsiz tranzitinə dəstək verib. Amerika qüvvələri boğazdan sərbəst və maneəsiz keçmək istəyən mülki dənizçilərə qarşı əsassız hücumlara görə İranı məsuliyyətə cəlb etməyə hazırdır”, – deyə bəyanatda vurğulanıb.
