London İmperial Kolleci, Böyük Britaniyanın Meteorologiya Xidməti və London Gigiyena və Tropik Tibb Məktəbinin alimlərinin hesablamalarına görə, may və iyun aylarında İngiltərə və Uelsdə müşahidə olunan qeyri-adi isti hava şəraiti nəticəsində 2700-dən çox insan istilə bağlı səbəblərdən həyatını itirmiş ola bilər.
NTV BBC-yə istinadla xəbər verir ki, tədqiqatçıların qiymətləndirməsinə əsasən, mayın 21-29-da baş verən istilər zamanı təxminən 550, iyunun 18-28-də isə 2200-ə yaxın ölüm qeydə alınıb. Mütəxəssislər bildirirlər ki, ölümlərin əksəriyyəti iyun ayındakı isti dalğası ilə əlaqədardır.
Qeyd olunur ki, bu il İngiltərədə müşahidələrin aparıldığı dövr ərzində ən isti iyun ayı olub. Norfolq qraflığının Linqvud bölgəsində havanın temperaturu 37,7 dərəcəyədək yüksələrək 1957-ci ildə qeydə alınmış 35,6 dərəcəlik əvvəlki rekordu yeniləyib.
Həmin dövrdə İngiltərə və Uelsin bəzi bölgələri üçün nadir hallarda elan olunan qırmızı isti hava xəbərdarlığı qüvvədə olub. Xəbərdarlıqda yüksək temperaturun hətta sağlam insanlar üçün də ciddi həyat riski yaratdığı bildirilib.
