“Azərbaycanın yeni rəqəmsal arxitekturası” çərçivəsində müxtəlif dövlət qurumlarında, o cümlədən ölkənin səhiyyə sistemində, özəl tibb sektorlarında rəqəmsallaşma prosesləri daha da sürətlənib. Səhiyyənin rəqəmsallaşdırılması istiqamətində mühüm təşəbbüslər və layihələr həyata keçirilsə də, xəstəliklərin diaqnostikası, əhaliyə daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsi və vətəndaşların tibbi məlumatlara və biliklərə çıxışının təmin olunması rəqəmsal, xüsusən də süni intellekt texnologiyalarının daha geniş tətbiqini zəruri edir. Bu səbəbdən Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda elektron tibbin formalaşmasının elmi-nəzəri və tətbiqi problemlərinin tədqiqi prioritet istiqamətlərdən biri kimi müəyyən edilərək sistemli araşdırmalara başlanılıb.
Bu barədə NTV-yə İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib.
Aparılan işlərə əhalinin sağlamlığı və tibbi-demoqrafik təhlükəsizliyin idarə olunması üçün modellərin hazırlanması, vahid milli tibbi informasiya fəzasının yaradılması, onun konseptual və arxitektura-texnoloji əsaslarının işlənməsi daxildir. Eyni zamanda, bəzi xəstəliklər üzrə müalicə-diaqnostik qərarların dəstəklənməsi üçün intellektual sistemlər hazırlanır, sosial media mühitində ictimai tibbi rəylər təhlil edilir və tibbi təsvirlər əsasında xəstəliklərin proqnozlaşdırılması üçün süni intellekt metodları tətbiq olunur.
Mütəxəssislərin fikrincə, rəqəmsal səhiyyə artıq gələcəyin deyil, bu günün reallığıdır. Azərbaycanda bu sahədə həyata keçirilən tədbirlər müasir səhiyyə modelinin qurulmasına, insan sağlamlığının daha etibarlı qorunmasına və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
