Virus hepatiti ilə mübarizə üzrə qlobal səylər gözəçarpan nəticələr verir - yeni infeksiyaların və ölümlərin sayı əhəmiyyətli dərəcədə azalır. Lakin xəstəlik qlobal səhiyyə üçün ən ciddi təhdidlərdən biri olaraq qalır.
NTV xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Dünya Hepatit Sammitində təqdim etdiyi yeni hesabatında deyilir.
ÜST-nin məlumatına görə, hepatitlə əlaqəli bütün ölümlərin 95 faizini təşkil edən B və C virus hepatitləri 2024-cü ildə 1,34 milyon insanın həyatına son qoyub. Bu arada, yoluxma davam edir və gündəlik 4900-dən çox və ya ildə 1,8 milyon yeni hal qeydə alınır.
Yeni hesabatda qeyd olunur ki, 2015-ci ildən bəri bu sahədə ciddi irəliləyişlər olub. Hepatit B-yə yeni yoluxma halları 32 faiz, hepatit C-dən ölüm halları isə 12 faiz azalıb. Bu uğurlar ÜST-nin üzv dövlətləri 2016-cı ildə virus hepatitlərini aradan qaldırmaq üçün hədəflər qəbul etdikdən sonra qlobal və milli səviyyələrdə birgə səylər nəticəsində mümkün olub. Lakin təşkilat xəbərdarlıq edir ki, hazırkı temp 2030-cu ilə qədər bütün hədəflərə çatmaq üçün kifayət deyil. Profilaktika, test və müalicə səyləri sürətləndirilməlidir.
ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus bildirib: “Dünya ölkələri hepatitin aradan qaldırılmasının xəyal olmadığını, siyasi iradə və maliyyələşdirmə ilə əldə edilə bilən məqsəd olduğunu sübut edir”. Bununla belə, o, irəliləyişin çox yavaş və qeyri-bərabər olduğunu, stiqma, zəif səhiyyə sistemləri və tibbi yardıma qeyri-bərabər çıxış səbəbindən milyonlarla insana diaqnoz qoyulmadığı və onların müalicə olunmadığını qeyd edib.
Əldə edilən irəliləyişlərə baxmayaraq, profilaktikaya və tibbi yardıma məhdud çıxış yüksək ölüm nisbətlərinə səbəb olmaqda davam edir. 2024-cü ildə təxminən bir milyon insan hepatit B-dən, 240 min nəfər isə hepatit C-dən ölüb. Ölümün əsas səbəbləri qaraciyər sirrozu və hepatosellüler karsinomadır. Yüksək hepatit B ölüm nisbətləri bir neçə ölkədə qeydə alınıb. Məsələn, 2024-cü ildə Banqladeş, Çin, Efiopiya, Qana, Hindistan, İndoneziya, Nigeriya, Filippin, Cənubi Afrika və Vyetnamda qlobal miqyasda bütün hepatit B ölümlərinin 69 faizi baş verib. Lakin hepatit C ölümü coğrafi baxımdan daha geniş yayılıb: bütün halların 58 faizi Çin, Hindistan, İndoneziya, Yaponiya, Nigeriya, Pakistan, Rusiya Federasiyası, Cənubi Afrika, ABŞ və Vyetnamın payına düşür.
Davam edən çətinliklərə baxmayaraq, Misir, Gürcüstan, Ruanda və Birləşmiş Krallığın uğurları göstərir ki, hepatitin ictimai səhiyyə üçün təhlükə kimi aradan qaldırılması siyasi iradə və investisiya ilə mümkündür. Bunun üçün effektiv vasitələr artıq mövcuddur. Məsələn, hepatit B peyvəndi 95 faizdən çox qoruma təmin edir və müasir dərmanlar xroniki hepatit B virusunu nəzarətdə saxlaya və hepatit C hallarının 95 faizdən çoxunu müalicə edə bilər.
ÜST hepatit profilaktikasının, diaqnozunun və müalicəsinin ilkin səhiyyə sistemlərinə inteqrasiyasını sürətləndirməyə, yeni doğulmuş körpələrin vaksinasiyasının əhatə dairəsini genişləndirməyə və narkotik inyeksiya edən insanlar üçün zərərin azaldılması proqramlarını gücləndirməyə çağırır.
