Rusiyanın Tuapse şəhərində dron hücumundan sonra neft emalı zavodunda baş verən yanğının nəticələri aradan qaldırılır. Təxminən 8000 kubmetr neftlə çirklənmiş ərazi təmizlənib.
NTV Krasnodar diyarı əməliyyat qərargahına istinadla xəbər verir ki, şəhərdəki vəziyyət mürəkkəb, lakin nəzarət altındadır. Yanan çənlərdən neftin dağılması dayandırılıb və indi prioritet vəzifələr neft emalı zavodunda alovların söndürülməsi və sahil zonasında çirklənmiş torpaqların utilizasiyasıdır. Regional hakimiyyət orqanlarının məlumatına görə, çirklənmiş torpaqları toplayan və təmizləyən işçilərin sayı artırılacaq.
Tuapse Neft Emalı Zavodunda yanğın 28 aprel gecəsi dron qalıqlarının çənlərə düşməsindən sonra başlayıb. Bu, son həftələrdə həmin obyektə üçüncü hücumdur. Şəhərdə fövqəladə vəziyyət elan edilib və yaxınlıqdakı ərazilərin sakinləri təxliyə olunub. Tələfat və evlərə dəyən ziyan barədə məlumatlar dəqiqləşdirilir.
