“Quantinuum” (ABŞ) şirkətinin aparıcı tədqiqatçısı Kentaro Yamamotonun trəhbərlik etdiyi yapon, amerikalı və britaniyalı fiziklərdən ibarət tədqiqat qrupu 56 kubitlik H2 kvant ion kompüterində kimyəvi hesablamalar aparmaq üçün ilk dəfə olaraq səhvlərin korreksiyası sistemlərindən istifadə edib. Bu hesablamaların bir hissəsi olaraq, tədqiqatçılar hidrogen molekulunun quruluşunu, minimum enerji vəziyyətini hesablayıb və onları istinad dəyərləri ilə müqayisə ediblər.
NTV TASS agentliyinə istinadla xəbər verir ki, alimlər problemi həll etmək üçün iki avtomatik səhv korreksiya sisteminin eyni vaxtda inteqrasiyasına imkan verən və eyni vaxtda səhvləri düzəltmək üçün tələb olunan köməkçi kubitlərin və əməliyyatların sayını əhəmiyyətli dərəcədə azaldan bir protokol hazırlayıblar. Nəticədə kvant kompüteri insan müdaxiləsi olmadan 3900-dən çox məntiqi əməliyyat yerinə yetirə və superkompüter hesablamasının nəticələrinə uyğun gələn hidrogen molekulunun minimum enerjisini hesablaya bilib.
Fiziklər qeyd etdiyi kimi, bu kvant hesablamalarının dəqiqliyi hazırda tammiqyaslı kimyəvi tədqiqatlar üçün tələb olunandan bir qədər aşağıdır, lakin hesablamada iştirak edən kubitlərin sayını artırmaq yolu ilə onlar əhəmiyyətli dərəcədə yaxşılaşdırıla bilər. Yamamoto və həmkarları belə bir qənaətə gəliblər ki, bu, hətta nisbətən kiçik və “səs-küylü” kvant kompüterlərinin kimyəvi hesablamalar üçün gələcəkdə istifadəsi baxımından böyük perspektivə malikdir.
