Qlobal mayeləşdirilmiş təbii qaz (LNG) idxalı cari ilin mart ayında illik müqayisədə 1,7 faiz azalaraq 36,3 milyon tona enib ki, bu da 2025-ci ilin yanvarından bəri ilk illik azalmadır.
NTV xəbər verir ki, bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında deyilir.
Bildirilir ki, buna səbəb Hörmüz boğazının bağlanması fonunda Yaxın Şərqdə, xüsusən də Qətər və Birləşmiş Ərəb Əmirliklərində tədarükün məhdudlaşdırılmasıdır. Bu təsir fevral ayında yüklənmiş yüklərin qlobal LNG ixracındakı daha kəskin - 6,8 faiz azalmaya baxmayaraq, bazarlara çatması ilə qismən yumşalıb.
Asiya ən böyük azalma ilə üzləşib və mart ayında qitədə LNG idxalı son 7 ilin ən aşağı səviyyəsinə düşüb. Bu, xüsusilə də münaqişədən əvvəl Boğazdan keçən LNG-nin 80 faizdən çoxunun Asiya bazarlarına göndərildiyi nəzərə alındıqda, çox mühüm göstəricidir.
