Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür. Bu əlamətdar gün Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən 2000-ci ildə təsis edilib.
NTV xəbər verir ki, Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə hər il Əqli Mülkiyyət Agentliyi tərəfindən tədbirlər təşkil edilir.
Ölkəmizdə patent və ixtira fəallığı artıb. Əqli Mülkiyyət Agentliyinə 2025-ci ildə ixtira, faydalı model və sənaye nümunəsinin patentləşdirilməsi üçün 481 iddia sənədi (2024-cü ildə 349 iddia sənədi), o cümlədən ixtiraya aid 282 (2024-cü ildə 204), faydalı modelə aid 77 (2024-cü ildə 69), sənaye nümunəsinə aid 65 (2024-cü ildə 37) və Avrasiya patentinin alınması üçün 57 (2024-cü ildə 39) iddia sənədi daxil olub. Beləliklə, patentlərin alınması ilə bağlı daxil olmuş iddia sənədlərinin sayı 2024-cü illə müqayisədə 2025-ci ildə ixtira üzrə - 38.2 faiz, faydalı model üzrə - 11.6 faiz, sənaye nümunəsi üzrə 76 faiz, Avrasiya patenti üzrə - 46 artıb ki, bu da 2024-cü illə müqayisədə 37.8 faiz çoxdur.
2025-ci ildə 214 patent (2024-cü ildə 185), o cümlədən ixtiraya dair 137 (2024-cü ildə 128), faydalı modelə aid 57 (2024-cü ildə 43) və sənaye nümunələrinə aid 20 (2024-cü ildə 14) patent verilib ki, bu da 2024-cü illə müqayisədə 15.7 faiz çoxdur.
Beləliklə, 2025-ci ildə ixtira fəallığı 2024-cü illə müqayisədə 37,8 faiz, patent fəallığı isə 15,7 faiz artıb. Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı daxil olan iddia sənədlərinin sayı isə 4196 (2024-cü ildə 3880) olub.
İxtira fəallığı 2026-cı ilin birinci rübündə də yüksək olub. Rüb ərzində yalnız ixtiralara dair Agentliyə 109 iddia sənədi daxil olub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur. Ümumilikdə isə ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədlərinin sayı 149 olub. 2026-cı ilin birinci rübündə patent fəallığı daha yüksək olub. Bu ilin birinci rübündə 539 əmtəə nişanı qeydiyyata alınıb.
Xatırladaq ki, infrastrukturun təkmilləşdirilməsi və institusional dəyişikliklər sahəsində Əqli Mülkiyyət Agentliyində sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı iddia sənədlərinin qəbulunun həyata keçirildiyi “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi fəaliyyət göstərir.
Bu il “Patent haqqında” Qanuna edilmiş dəyişikliklər patentlərə əlçatanlığı daha da asanlaşdıracaq.
Azərbaycanda əqli mülkiyyət üzrə mütəxəssis hazırlığına böyük diqqət yetirilir. 2019-cu il dekabrın 16-da Əqli Mülkiyyət Agentliyinin dəstəyi ilə respublikada ilk dəfə olaraq Bakı Dövlət Universitetində (BDU) Əqli mülkiyyət hüququ kafedrası yaradılıb. Həmçinin 2021-ci ildə beynəlxalq ikili diplom proqramı üzrə imzalanmış müqavilə əsasında BDU ilə Fransanın Lyon 2 Universiteti arasında “Əqli mülkiyyət hüququ” ixtisaslaşmasında kadr hazırlığı həyata keçirilir.
2023-cü ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Əqli Mülkiyyət kafedrası fəaliyyətə başlayıb. Fənlər həm bakalavriat, həm də magistratura pilləsində Azərbaycan, rus və ingilis dillərində tədris olunur. Agentliyin əməkdaşları tədris işinə cəlb olunublar. Bu da tələbələrin biliklərin birbaşa əqli mülkiyyət sahəsində işləyən peşəkarlardan almaları üçün əlverişli imkan yaradır.
