Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, koronovirus infeksiyası yeni reseptorlardan istifadə etməklə insan hüceyrələrinə daxil ola bilir. Başqa sözlə, onlar hüceyrə “qıfılları” üçün əlavə bioloji “açarlar” seçə bilir. Xüsusilə də, viruslardan biri ağciyər toxumalarında mövcud olan “CEACAM6” zülalı ilə əlaqə qurmağa nail olub. NTV xəbər verir ki, tədqiqatın nəticələri “Nature” jurnalında dərc edilib.
Söhbət Şərqi Afrikada aşkar edilmiş “CcCoV-KY43” yarasa koronavirusundan gedir. Alimlər müəyyən ediblər ki, virusun hüceyrələrə yapışmasına xidmət edən tikanvari zülalı elmə yeni məlum olan reseptorla qarşılıqlı əlaqəyə girə bilir. Bu isə o deməkdir ki, belə viruslar üçün potensial “hədəf” dairəsi əvvəl düşünüləndən xeyli genişdir.
Tədqiqatçılar canlı viruslarla təcrübələr aparmaq əvəzinə genetik məlumat bazalarından istifadə edib və onların hansı reseptorları tanıya bildiyini yoxlamaq üçün 27 müxtəlif alfakoronavirusun tikanvari zülallarını sintez ediblər.
Tədqiqatın həmmüəllifi Stiven Qrem qeyd edib ki, virusun tikanları “açar və qıfıl” prinsipi ilə işləyir, yəni, infeksiyanın başlaması üçün onlar hüceyrə səthindəki reseptorla dəqiq uyğunlaşmalıdır. İndiyədək hesab olunurdu ki, alfakoronaviruslar yalnız məhdud sayda belə “qıfıllardan” istifadə edir. Lakin yeni araşdırma göstərib ki, onlar alternativ daxil olma yolları da tapa bilir.
“Bu kəşf virusların zoonoz potensialı, yəni heyvanlardan insana keçmək qabiliyyəti barədə təsəvvürləri dəyişir. Virus nə qədər çox reseptordan istifadə edə bilirsə, onun yeni sahibə uyğunlaşmaq ehtimalı da bir o qədər yüksək olur”, – deyə alimlər bildiriblər.
Bununla yanaşı, alimlər vurğulayırlar ki, hazırda “CcCoV-KY43” virusunun artıq insanlar arasında yayıldığını təsdiqləyən sübut yoxdur. Bununla belə, yoluxmanın yeni mexanizminin aşkarlanması heyvanlarda virusların daha diqqətlə monitorinq edilməsinin vacibliyini göstərir.
