Fransa Prezidenti Emmanuel Makron Avropa Şurasının qeyri-rəsmi iclasında Livana daha çox dəstək göstərməyə çağırıb və yaxın zamanda Fransanın təşəbbüsü ilə keçiriləcək xüsusi bir konfransı elan edib.
NTV xəbər verir ki, Makron bildirib ki, Avropa liderləri arasında rəqabət qabiliyyəti və büdcə məsələləri barədə aparılan müzakirələr regional böhranlara qarşı kollektiv tədbirlərin gücləndirilməsi baxımından vacibdir.
O əlavə edib ki, təşkil olunacaq dəstək konfransı avropalıların bütün töhfələrindən faydalanmaq və Suriya, İordaniya kimi qonşu ölkələrlə koordinasiyanı yaxşılaşdırmaq məqsədini daşıyacaq. Bu ölkələr də regional vəziyyətdən təsirlənib.
Makron, həmçinin diplomatik səylərin davam etdirildiyini və məqsədin Livanda sülh, stabillik və suverenliyi təmin etmək olduğunu bildirib. O, Fransa-Böyük Britaniya əməkdaşlığı çərçivəsində Hörmüz boğazına dair təşəbbüsləri də xatırladıb. “Bizim hamımızın marağı budur ki, stabillik mümkün qədər tez bərpa edilsin və dünya iqtisadiyyatı rahat nəfəs alsın”, – deyə Makron əlavə edib.
