Çərşənbə günü Prezident Donald Trampın Tehranla müharibəyə son qoymaq üçün danışıqların bərpa oluna biləcəyini bəyan etməsinə baxmayaraq, ABŞ hökuməti Amerika hərbi dəniz donanmasının İranın dəniz ticarətini tamamilə dayandırdığını açıqlayıb.
NTV “Reuters” agentliyinə istinadla xəbər verir ki, Tramp ABŞ və İran rəsmiləri arasında danışıqların yaxın iki gün ərzində Pakistanda bərpa oluna biləcəyini bildirib. Həftəsonu irəliləyiş əldə edilmədən keçirilən danışıqlara rəhbərlik edən vitse-prezident Cey. Di. Vens hazırkı vəziyyətlə bağlı nikbin olduğunu bildirib.
“Düşünürəm ki, sizi möhtəşəm iki gün gözləyir”, - deyə Tramp “ABC News” telekanalının müxbiri Conatan Karla bildirib. O əlavə edib ki, aprelin 21-də başa çatacaq ikihəftəlik atəşkəsin uzadılmasına ehtiyac olmayacağına inanır. ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper Amerika qüvvələrinin İranın dəniz ticarətini tamamilə dayandırdığını bildirib. Onun sözlərinə görə, bu ticarət İran iqtisadiyyatının 90 faizini təşkil edir.
Kuper “X” sosial platformasındakı paylaşımında yazıb: “Blokada tətbiq edildikdən 36 saatdan az müddətdə ABŞ qüvvələri İranın dəniz ticarətini tamamilə dayandırıb”.
