ABŞ ordusunun İran limanlarına giriş-çıxışı bloklaması təhlükəli və məsuliyyətsizdir.
NTV xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun ənənəvi media brifinqində müvafiq sualı cavablandırarkən deyib.
“Çin bütün tərəfləri atəşkəs razılaşmasına riayət etməyə, dialoq və sülh danışıqlarını davam etdirməyə, regional gərginliyi azaltmaq və Hörmüz boğazından normal keçidi mümkün qədər tez bərpa etmək üçün əməli tədbirlər görməyə çağırır”, - deyən Çin rəsmisi əlavə edib ki, maraqlı tərəflərin artıq müvəqqəti atəşkəs razılaşmasına nail olduqlarını nəzərə alsaq, ABŞ-nin hərbi qüvvələrini artırması və hədəflənmiş blokada tədbirləri vəziyyəti daha da gərginləşdirəcək, onsuz da kövrək olan atəşkəsi pozacaq və bu su yolundan keçidin təhlükəsizliyini daha da təhlükəyə atacaq.
“Çin hesab edir ki, yalnız hərtərəfli atəşkəs nəticədə boğazda vəziyyətin deeskalasiyası üçün şərait yarada bilər”, - deyə Quo Ciakun bildirib.
