Mərakeş Apellyasiya Məhkəməsi Afrika Millətlər Kubokunun final oyunu zamanı baş verən iğtişaşlarla bağlı çıxarılan hökmü qüvvədə saxlayıb.
NTV TASS agentliyinə istinadla xəbər verir ki, qərara əsasən, Seneqal millisinin 18 azarkeşi barədə əvvəl çıxarılmış cəza qərarı dəyişdirilməyib.
Məlumata görə, azarkeşlər Afrika Millətlər Kubokunun yanvarın 18-də keçirilən final qarşılaşması zamanı saxlanılıblar. Onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıq, idman avadanlıqlarına ziyan vurma və müxtəlif əşyaların atılması kimi əməllərdə ittiham olunublar.
İlkin məhkəmə qərarına əsasən, doqquz nəfər bir il müddətinə azadlıqdan məhrum edilərək 5 min Mərakeş dirhəmi məbləğində cərimələnib. Altı nəfərə altı ay həbs və 2 min dirhəm cərimə, daha üç nəfərə isə üç ay həbs və 1 min dirhəm cərimə cəzası verilib. Aprelin 13-də təqsirləndirilən şəxslər qərardan apellyasiya şikayəti versələr də, məhkəmə hökmü dəyişməyib.
Qeyd edək ki, yanvarın 18-də keçirilən final görüşündə Seneqal millisi əlavə vaxtda Mərakeş millisini 1:0 hesabı ilə məğlub edib. Qarşılaşmanın 90+8-ci dəqiqəsində Seneqalın qapısına təyin olunan penalti epizodundan sonra komanda baş məşqçinin göstərişi ilə etiraz əlaməti olaraq meydanı tərk edib. Daha sonra komandanın kapitanı Sadio Mane futbolçuları yenidən meydana qaytarıb. Bundan sonra Mərakeş Futbol Federasiyası oyunun nəticəsi ilə bağlı apellyasiya müraciəti edib. Müraciətə baxan Afrika Futbol Konfederasiyası texniki məğlubiyyət qərarı çıxararaq qələbəni 3:0 hesabı ilə Mərakeş millisinə verib.
