Avropada təbii qaz qiymətlərində yenidən artım müşahidə olunur.
NTV xarici mediaya istinadla xəbər verir ki, ABŞ-nin Hörmüz boğazını blokadaya almaq planını açıqlaması “köhnə qitədə” qaz qiymətlərinə təsirsiz ötüşməyib.
ABŞ Prezidenti Donald Tramp bu təkliflə çıxış etdikdən sonra Avropada təbii qaz fyuçersləri qısa müddət ərzində təxminən 18 faiz artıb. Hazırda isə Niderlandın TTF habında fyuçers müqavilələrində qazın qiyməti meqavat-saat üzrə 47 avro civarındadır.
Yaxın Şərqdə fevralın 28-də başlayan və 6 həftədir davam edən münaqişə fonunda mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün təxminən 20 faizinin keçdiyi Hörmüz boğazının bağlanması qlobal tədarükü sarsıdıb və beynəlxalq bazarda LNG çatışmazlığına səbəb olub. Fevralın sonundan bəri isə Avropada təbii qaz qiymətləri təxminən 50 faiz artıb.
Ekspertlərin fikrincə, ABŞ-nin blokada planı həyata keçərsə, bu, qlobal bazarda Fars körfəzindən gələn LNG çatışmazlığının artmasına səbəb olacaq. Bu vəziyyyət, həmçinin Asiya və Avropa arasında rəqabəti gücləndirir və daha yüksək qiymətlərə işarə edir. Yaxın Şərqdən gələn təbii qazın əksəriyyəti adətən Asiyaya getsə də, Hörmüz boğazında davam edən fasilələr, Avropanın gələn qışdan əvvəl anbarlardakı ehtiyatlarını artırmağa başladığı bir vaxtda məhdud qlobal LNG hovuzu uğrunda rəqabəti gücləndirə bilər.
