Yaxın Şərqdəki müharibə səbəbilə 2023-cü ildən sonra ilk dəfə dünya bazarında neftin 1 barelinin qiyməti 100 dolları ötdü.
NTV xəbər verir ki, Hörmüz boğazının bağlanması bazarda təklifin kəskin azalmasına tələbin isə artmasına səbəb olub ki, bunun da nəticəsində martın 9-da “Brent” markalı neftin 1 barelinin qiyməti 117 dollara yüksəldi. Lakin boğazın bağlanması ilə yanaşı Yaxın Şərq ölkələri hasilatı məhdudlaşdırıblar. İran ABŞ-ın hərbi bazası yerləşən Qətər, Əl-Küveyt, Səudiyyə Ərəbistanı və İraqın Küdüstan muxtariyyatına raket zərbələri endirir. Zərbələrlə neft yatarqları hədəf alınır və buna görə də adıçəkilən ölkələr hasilatı dayandırıb.
Martın 9-da Nyu-York Əmtəə Birjasında “Brent” 117, WTI 116, “Azəri Light” markalı neftin 1 barelinin qiyməti isə 127 dollara kimi, ümumilikdə dünya bazarında neftin qiyməti 28 faiz artıb. Bu artım büdcə gəlirlərinin artmasına səbəb olsa da, problemlər yaradacağı da gözlənilir. Məsələ burasındadır ki, neftdən gələn pul vəsaiti neft hasil edən ölkələrdə inflyasiyanı da yüksəldəcək.
Neftin qiymətinin 150 dollara çatması enerji resurslarını idxal edən ölkələr üçün böyük iqtisadi problemlər yaradacaq. İlk növbədə Avropa İttifaqı ölkələri ilə yanaşı Türkiyə, Hindistan, Yaponiya, Cənubi Koreya daha çox iqtisadi problem yaşayan ölkələr olacaq. Həmin dövlətlərin iqtisadiyyatı neft idxalından asılı olduğu üçün büdcə vəsaitlərinin çox hissəsi enerjidaşıyıcıların alınmasına yönəldiləcək. Bu isə sosial proqramların məhdudlaşdırılmasına gətirib çıxaracaq. Artıq ABŞ-ın özündə və Avropa dövlətlərində istehlak mallarının qiymətində artım müşahidə olunur ki, bu da insanların narazılığına səbəb olub. Lakin bu gün məlum oldu ki, Səudiyyə Ərəbistanı nefti Körfəzdən deyil, “Abgig-Yanbu” kəməri ilə Qırmızı dəniz vasitəsilə ixrac etməyə başlayıb. Bu kəmər Ərəbistan səhrası boyunca uzanaraq Qırmızı dəniz sahilindəki Yanbu limanında tankerlərə doldurulur və Süveyş kanalından keçməklə dünya bazarına çıxarılır. Hər gün dünya bazarına 1,5 milyon barel neft ixrac edən Səudiyyə Ərəbistanı bu həcmi artıraraq 5 milyon barelə çatdırmağı düşünür. Bu xəbərdən sonra dünya bazarında neftin qiyməti 88-90 dollara kimi düşüb.
Bütün bunlar ABŞ və Avropa dövlətlərini İrana qarşı aparılan müharibəni dayandırmaq haqqında düşünməyə vadar edib. Hərbi əməliyyatların genişlənməsi problemi daha da dərinləşdirib və müharibənin hələ davam edəcəyi proqnozlaşdırılır. Görünən odur ki, müharibə aparan tərəflərin heç biri öz hədəfinə çatmayıb ki, bu da müharibənin biməsi ilə bağlı proqnoza imkan vermir.
