Rusiya Xarici İşlər Nazirliyi İran ətrafındakı silahlı qarşıdurmanın artmasından narahatlığını bildirib və tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa çağırıb.
NTV Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına istinadla xəbər verir ki, Moskva gərginliyin münaqişənin bütün Yaxın Şərqə yayılmasını təhdid etdiyinə inanır. Rusiya Xarici İşlər Nazirliyi İranla ərəb qonşuları arasında münasibətlərin normallaşdırılması prosesini pozmağa cəhdlər edildiyini bildirib.
Rusiya tərəfi münaqişənin bütün tərəflərini hərbi əməliyyatların dərhal dayandırılmasına və region ölkələrinin hamısında dinc əhalinin və mülki infrastrukturun təhlükəsizliyini təmin etmək üçün hərtərəfli tədbirlərin görülməsinə çağırıb. Nazirlik, həmçinin İranın Minab şəhərində qızlar məktəbinə edilən və onlarla uşağın ölümünə səbəb olan hücumu qətiyyətlə pisləyib.
Bəyanatda istər İranda, istərsə də ərəb ölkələrində mülki hədəflərə edilən hər hansı hücumun qəbuledilməz olduğu vurğulanır. Moskva tərəfləri bir daha güc tətbiqindən imtina etməyə və regiondakı bütün dövlətlərin qanuni təhlükəsizlik maraqlarını nəzərə alaraq fikir ayrılıqlarının siyasi və diplomatik həllinə doğru irəliləməyə səsləyib.
