BMT Ətraf Mühit Proqramının Ümumdünya Qoruma Monitorinq Mərkəzi (UNEP-WCMC) və Beynəlxalq Təbiətin Qorunması Birliyi (IUCN) tərəfindən dərc edilən birgə araşdırmaya görə, dünya okeanlarının 10 faizindən çoxu ilk dəfə rəsmi olaraq qorunan ərazilər elan edilib.
NTV BMT-nin məlumatına istinadla xəbər verir ki, tədqiqatda okeanların qorunması üçün rəsmi əhatə dairəsi 10,01 faiz olaraq müəyyən edilib ki, bu da böyük nailiyyət hesab olunur. Lakin Kunminq-Monreal Qlobal Biomüxtəliflik Çərçivəsi üzrə 2030-cu il üçün müəyyən edilmiş 30 faiz hədəfinə çatmaq üçün təxminən Hind okeanı ölçüsündə əlavə bir ərazinin təyin edilməsi tələb olunacaq. Qlobal okean və sahil əhatə dairəsi 2024-cü ildə 8,6 faiz təşkil edib və son iki ildə qorunan ərazilərə təxminən 5 milyon kvadrat kilometr sahə əlavə olunub.
Hədəfə altı il gec nail olunub
Ölkələr biomüxtəliflik hədəfləri çərçivəsində 2020-ci ilə qədər okeanların 10 faizini qorumaq öhdəliyini götürsələr də, bu mərhələyə yalnız 2026-cı ilin aprelində - cədvəldən altı il geridə nail olunub. Mühafizə olunan ərazilərin təyin edilməsi tempini qiymətləndirən 2024-cü il Qorunan Planet Hesabatında 2020-ci ildən bəri ən güclü irəliləyişin okeanlarda əldə edildiyi, lakin bunun əksəriyyətinin milli sularda baş verdiyi aşkarlanıb.
