Naxçıvanda böyük Azərbaycan mütəfəkkiri Hüseyn Cavidin ev muzeyində şair Hüseyn Fərəcoğlunun anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
NTV xəbər verir ki, tədbir Hüseyn Cavidin Ev Muzeyinin direktoru Tünzalə Dilanovanın və şairin nəvəsi, professor Sevinc Abbasovanın giriş çıxışları ilə başlayıb.
Proqram çərçivəsində Naxçıvan MR Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Yadigar “Hüseyn Fərəcoğlunun yaradıcılıq yolu”, Naxçıvan MR Ali Məclisinin deputatı Qafar Qərib “Sözü ilə tanınan və xatırlanan şair”, AMEA Naxçıvan Bölməsinin Ədəbiyyatşünaslıq şöbəsinin müdiri Ramiz Qasımov “İlham və sənətkarlığın vəhdəti: Hüseyn Fərəcoğlu”, həmin bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini Elxan Yurdoğlu “Sənət qartalının folklorizmi”, Prezident mükafatçısı Muxtar Qasımzadə isə “Dost haqqında dost sözü” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirdə Naxçıvan MR Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri, Cahan Holdinqin prezidenti, şairin nəvəsi Vüqar Abbasov, Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş konsulu Asip Kaya və millət vəkili Ülviyyə Həmzəyeva da iştirak edərək çıxışlarında Hüseyn Fərəcoğlunun yaradıcılığına yüksək qiymət veriblər.
Xalq artisti Həsən Ağasoy çıxış edib, şairin şeirlərindən səsləndirib.
Tədbir çərçivəsində şairin Sənət Qartalı poemasının təqdimatı keçirilib.
Sonda iştirakçılar muzeylə tanış olub, xatirə şəkilləri çəkdiriblər.
