Vətən sevgisi ilə vətənləşən – Vətən Fədaisi…

Vətən sevgisi ilə vətənləşən – Vətən Fədaisi…

Vətən, vətən torpağı, ana yurd – bütün bu kəlmələr insanın canından artıq sevdiyi, qoruduğu məkandır. Bu məkan o qədər müqəddəsdir ki, nə onu bölə, nə də kimsəyə verə bilərsən. Toxunulmaz, bölünməz, kimsəyə verilməzdir, Vətən torpağı… Çünki o torpaqda sənin uluların uyuyur, sənin keçmişin, gələcəyin var. Sənə əmanətdir və səndən sonra gələnlərə… Hər nəsil öz əmanətinə sahib çıxmalı və onu nəyin bahasına olursa-olsun qorumalıdır!

Qədim tarixə malik ölkəmizin hər dövründə torpağını gözü kimi qoruyan igid oğulları olub… Hər nə qədər tarix dəyişsə də, bu dəyişməyib. Qəhrəmanlar yurdunun qəhrəman oğulları igidlik dastanını tariximizə yazıblar. Zaman-zaman bu dastanlar vərəqlənir, xalqın yaddaşında təzələnir. Oxunduqca, öyrəndikcə qürur, fəxr hissi duyulur… Bu gün də fəxr hissi ilə xatirəsini yaddaşımızda yenilədiyimiz igidlərimizdən biri Milli Qəhrəman İbrahimov Rasim Səxavət oğludur.

Vətənin igid oğlu Rasim İbrahimov 1962-ci il  aprel ayının 18-də Bakı şəhərinin Əzizbəyov rayonunun Çilov adasında neftçi ailəsində anadan olub. Orta təhsilini səkkizinci sinfə qədər 131 saylı məktəbdə alan Rasim sonralar təhsilinə Cəmşid Naxçıvanski adına hərbi məktəbdə davam edir. Ali hərbi təhsilini başa vuran qəhrəmanımız 1983-cü ildə Almaniyaya hərbi qulluğa göndərilir. O, hərbi hissələrin birində motoatıcı tağımda komandir müavini kimi xidmətə başlayır. Xidmətini başa vuran Rasim 1988-ci ildə vətənə qayıdır. O, bir müddət Respublika Hərbi Komissarlığında işləyir. Sonra onu  Ağsu Rayon Hərbi Komissarlığına komisar müavini təyin edirlər. Burada işlədiyi dövürdə Baş Qərargahın Saratov şəhərindəki 3 aylıq kursuna daxil olur. Kursu bitirib yeni təyinatla Füzuli rayonunda hərbi komissarın müavini vəzifəsinə verilir. Burada işlədiyi dövrdə erməni silahlı birləşmələri tez-tez Azərbaycanın sərhəd bölgələrinə hücum edir, kəndləri, şəhərləri atəşə tuturlar. Bu vəziyyətlə barışmayan vətənin igid oğlu düşmənə layiqli cavabın verilməsi üçün Füzuli rayonunun mərd oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaradır. Onun təhsilli və təcrübəli zabit olmasını nəzərə alaraq tabora komandir təyin edirlər. Vətənə can-başla xidmət edən Rasim döyüşlərdə göstərdiyi şücaətə görə ona mayor rütbəsi verilir .

Düşmənin aramsız hücumu səngimirdi. Füzuli rayonunun sərhədlərini rəşadətlə qoruyan tabor düşmən hücumunun qarşısını alaraq onlara layiqli cavab verirdi. 1992-ci il iyunun 26-da Rasim rəhbərlik etdiyi taborla birlikdə Tuğ kəndi uğrunda gedən döyüşələrə qatılır. Bir neçə saat çəkən döyüşdə düşmənə ağır zərbələr vurulur və mühüm yüksəkliklər ələ keçirilir. Tabor Tuğ kəndinin 5 kilometrliyinə qədər önə gedir. Lakin arxadan gələn kömək dəstəsi vaxtında gəlib çatmadığına görə tabor düşmən mühasirəsinə düşür. Vətənin igid oğlu taborun mühasirədən çıxması üçün son ana kimi rəşadət göstərir. Rasim ayağından yaralansa da, döyüşə rəhbərliyi davam etdirir. Son mərmisinə kimi döyüşən igidimiz düşmən əlinə keçməmək üçün əl qumbarası ilə düşmən əsgərlərinə yaxınlaşıb partladır. Ölümü ilə bərabər, bir çox düşmən əsgərini də məhv edir. Qəhrəmanımız Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunur. Ailəli olan Rasim İbrahimov bir qız və oğul atası idi. 

Bildirim ki, İbrahimov Rasim Səxavət oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Milli Qəhrəmanımızın adı əbədiləşdirilərək orta təhsil aldığı - Bakı şəhəri Əzizbəyov rayonunun Çilov adası 131 saylı məktəbə verilmiş, eyni zamanda Çilov adasında abidəsi ucaldılmış, adına xatirə bağı salınmışdır.

Vətənini canından artıq sevən oğullar! İndi sizlər olmasanız da, xalqın qəlbində əbədi məskən salıb yaşayırsınız. Hər dövr sizləri anacaq, sizlərlə qürur duyacağıq!

Səriyyə Salahova

NUHÇIXAN

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM