Türkiyənin xarici işlər naziri Hakan Fidan regional məsələlərin və İranla bağlı gərginliyin müzakirəsi məqsədilə Suriyaya səfər edib.
NTV xəbər verir ki, nazirlikdən əldə edilən məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli məsələlərin və regional mövzuların müzakirə olunması nəzərdə tutulur. Rəsmilərin Suriyanın yenidən qurulması üçün ikitərəfli səviyyədə həyata keçirilən layihələri dəyərləndirməsi, Suriyada institusional potensialın artırılması səylərinə dəstək istiqamətində görülən işləri nəzərdən keçirmələri, yanvarın 17 və 29-da əldə edilmiş razılaşmalar çərçivəsində Suriyanın şimal-şərqinin mərkəzi idarəetməyə inteqrasiyasında əldə olunan mərhələnin qiymətləndirməsi gözlənilir. Həmçinin Suriyanın təhlükəsizliyi istiqamətində təhdidlərin müzakirə olunması, bölgədəki gərginliyin Suriyaya təsirinə diqqət yetirilməsi, eləcə də Livandakı vəziyyət başda olmaqla digər regional məsələlərin müzakirəsi planlaşdırılan sahələr arasındadır.
Bundan əlavə, nazir Hakan Fidanın Suriyaya səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski və Suriya Prezidenti Əhməd Əl Şaraa ilə üçtərəfli görüş keçirməsi planlaşdırılır.
