Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan hökumətləri ilə Brüsselin Cənubi Qafqazda nəqliyyat marşrutlarının inkişafına necə dəstək verə biləcəyinə dair məsələni müzakirə edir.
NTV Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono İrəvanda keçirilən brifinq zamanı bildirib.
"Regionda dayanıqlı sülhün qurulmasındakı tərəqqi heyranedicidir. Əlbəttə ki, biz, Avropa İttifaqı olaraq, bu sülhün bütün insanlara fayda gətirən davamlı bir reallığa çevrilməsi məqsədilə Ermənistan, eləcə də Azərbaycan üçün güclü tərəfdaşlar olmağa can atırıq", - M.Qrono qeyd edib.
Onun sözlərinə görə, Brüssel Ermənistan və Azərbaycan arasındakı sülh prosesini müxtəlif formalarda dəstəkləyir. Regional qarşılıqlı əlaqə məsələləri də Aİ-nin diqqət mərkəzindədir:
"Biz Ermənistan hökuməti, eləcə də, əlbəttə ki, azərbaycanlı tərəfdaşlarımızla marşrutların inkişafını ən yaxşı şəkildə necə dəstəkləyə biləcəyimizi müzakirə edirik ki, bütün ölkələr bunda iştirak etsin, marşrut boyunca yerləşən yaşayış məntəqələrinin bütün sakinləri bundan faydalansın. Eyni zamanda, biz də Cənubi Qafqaz vasitəsilə Asiyanı Avropa ilə birləşdirən, Aİ üçün prioritet olan "Orta Dəhliz" layihəsinə əhəmiyyətli töhfə verə bilək".
