satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan-Macarıstan münasibətləri: Strateji tərəfdaşlıq və geosiyasi maraqlar

Azərbaycan-Macarıstan münasibətləri: Strateji tərəfdaşlıq və  geosiyasi maraqlar

Azərbaycan və Macarıstan arasında münasibətlər yalnız müasir geosiyasi və iqtisadi maraqlara deyil, həm də tarixi və mədəni bağlılıqlara söykənir və bu münasibətlər yüksələn xətlə inkişaf edir.  
          Azərbaycan Respublikasının müstəqilliyini Macarıstan 1991-ci ilin sonunda tanımış, 1992-ci ildə isə iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. 2000-ci illərdən etibarən bu münasibətlər sürətlə inkişaf etməyə başlamış, qarşılıqlı səfərlər intensivləşmiş və müxtəlif sahələri əhatə edən əməkdaşlıq platformaları yaradılmışdır. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. 2014-cü ildə iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə və 2023-cü ildən etibarən bunun genişləndirilməsi münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyinin bariz nümunəsidir. Həmin dövrdən etibarən energetika, nəqliyyat, kənd təsərrüfatı və təhsil sahələrində qarşılıqlı maraqlar daha da konkretləşdirildi.
          Macarıstanda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ikitərəfli münasibətlərin mədəni və ictimai aspektlərini gücləndirməkdə mühüm rol oynayır. Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupları ölkələrarası mədəni körpülərin möhkəmlənməsinə öz töhfələrini verir.   
          Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri iki ölkə arasında siyasi və iqtisadi münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bir daha göstərir. Bu səfər həm ikitərəfli münasibətlər, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycanın Orta və Mərkəzi Avropa ilə əlaqələrinin gücləndirilməsi və türk dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində atılmış strateji addım kimi xüsusi önəmə sahibdir. Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Prezident İlham Əliyev fəal iştirak etmiş və çıxışında iqtisadi əməkdaşlıq, nəqliyyat  və digər sahələrdə əlaqələrin inkişafını diqqətə çatdırmışdır.     
          Budapeşt Zirvəsində qəbul edilən Budapeşt Bəyannaməsi Türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi, siyasi dialoqun gücləndirilməsi və birgə layihələrin təşviqi baxımından vacib sənəd olmuşdur. Bu sənəd, Azərbaycan da daxil olmaqla üzv ölkələrin regional sabitlik və rifah üçün birgə səylərini artırmaq əzmini ifadə edir.      
          Prezident İlham Əliyevin Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla keçirdiyi yüksək səviyyəli görüşlər və bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində verilən bəyanatlar iki ölkə arasında strateji tərəfdaşlıq niyyətinin dərinləşdiyini nümayiş etdirir. Həmçinin strateji tərəfdaşlıq münasibətləri enerji təhlükəsizliyi və alternativ marşrutlar baxımından da xüsusi aktuallıq kəsb edir. Azərbaycan Avropanın enerji təchizatında mühüm rol oynayan ölkə kimi, Macarıstanla qaz təchizatı və enerji infrastrukturu layihələrində daha sıx əməkdaşlıq niyyətindədir.                  
          Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri iki ölkə arasında münasibətlərin sadəcə strateji tərəfdaşlıq çərçivəsində deyil, həm də qarşılıqlı etimad və ortaq maraqlara əsaslanan dərin əlaqələr üzərində qurulduğunu nümayiş etdirir. Bu səfər Azərbaycanın Avropada nüfuzunun artmasına və Macarıstanın regional əməkdaşlıqda rolunun güclənməsinə xidmət edən mühüm mərhələ kimi xüsusi əhəmiyyət kəsb edir. Həmçinin TDT Zirvə Toplantısında iştirakı Azərbaycanın xarici siyasətində türk dünyası ilə birliyin prioritet olduğunu bir daha göstərir. Eyni zamanda, bu səfər Avropa ilə münasibətlərin inkişaf etdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və regional əməkdaşlıq üçün yeni imkanların yaradılması baxımından çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan bu istiqamətdə həm tarixi köklərə, həm də çağdaş siyasi və iqtisadi maraqlara əsaslanaraq öz mövqeyini daha da möhkəmləndirməkdədir.

 

Mövlan Məmmədov

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM