satellite   Azerspace-1: 11135 H 30000

Neftin qiyməti Körfəzdəki vəziyyətdən asılı olacaq

Neftin qiyməti Körfəzdəki vəziyyətdən asılı olacaq

Analitiklərin neftin qiymətinin geosiyasi amillərdən asılı olacağı barəsindəki fikirləri özünü tədricən göstərir. Son 10 gün ərzində dünya bazarında neftin qiymətinin aşağı düşməsi müşahidə edilirdi. Lakin İran ilə ABŞ arasında əldə olunan razılaşmaya baxmayaraq Hörmüz boğazında baş verən bir sıra hərbi hadisələr qiymətin düşməsini dayandırdı.

NTV xəbər verir ki, İran tərəfindən Qətər və Səudiyyə ərəbistanına məxsus ticarət gəmisi və maye qaz daşıyan tankerin raket zərbəsinə məruz qalmasından sonra ABŞ də İranın Körfəz sahilindəki hərbi obyektlərini raket zərbəsinə tutdu. Bununla yanaşı, ABŞ Maliyyə Nazirliyi İrana neft satmaq üçün verdiyi lisenziyanı geri götürdü və qadağanı bərpa etdi ki, bununla da dünya bazarında neftin qiymətinin enmə prosesi dayandı. London birjasında satılan “Brent” markalı neftin 1 barelinin qiyməti 74-dən 76 dollara, WTI markalı neftin 1 bareli 69-dan 71 dollara, Azərbaycanın “Azeri Light” markalı neftinin 1 barelinin qiyməti isə 80-dən 85 dollara kimi artdı.

Hörmüz boğazındakı yeni gərginlik bazarın neft təchizatında problem yaratsa və qiymətləri artırsa da neftin 1 barelinin qiyməti 100 dollar həddini keçməyib. Bunun səbəbi isə ABŞ hərbi dəniz qüvvələrinin kommersiya gəmilərini mühafizə edərək boğazdan keçirməsi olub. May ayının əvvəlindən bu günə kimi boğazdan 800 gəmi və 350 milyon barel neft daşınıb və bu, təchizatı qismən də olsa bərpa edib.

Bununla yanaşı, OPEC+ təşkilatının hasilatın həcmini 188 min barel artırmaq barədə qərarı və Rusiyanın son 4 həftədə 4,22 milyon barel neft ixrac etməsi hələlik qiymətlərin sürətlə artmasının qarşısını alır. Hazırda Rusiyanın “Urals” markalı neftinin 1 barelinin qiyməti 55 dollardır.

“JPMorgan” bankının proqnozuna görə, Hörmüz boğazındakı problemlə yanaşı, dünya iqtisadiyyatında zəif inkişaf müşahidə olunur ki, bu da neftə tələbatı azaldıb. Tələbatın azalması dünya bazarında profisit yaradıb və neftin qiymətinin artması dayanıb. Bankın proqnozunda deyilir ki, cari ilin sonuna kimi dünya bazarında neftin 1 barelinin qiyməti 60-86 dollar arasında dəyişəcək. Lakin analitiklərin əksəriyyətinin fikrincə, neftin qiyməti Körfəzdə vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyindən asılı olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM